Növbə kimindir? - Vergi açıqladı

İqtisadiyyat

17.02.2025 10:57

2218

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Məlumatın açıqlanması könüllülük prinsipinə əsaslansa da, belə siyahının elan edilməsi şəffaflığın artırılması baxımından təqdirəlayiqdir və müsbət haldır”.   

TodayPress xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.

O, qeyd edib ki, oxşar praktika əksər dövlətlərdə tətbiq olunur və bir sıra ölkələrdə imperativ xarakter daşıyır: 

“Belə siyahının açıqlanması eyni zamanda hansı şirkətlərin daha şəffaf olması və eləcə də onların ölkə iqtisadiyyatına töhvələrini müəyyənləşdirmək baxımdan vacib idi. Bu, əksər inkişaf etmiş ölkələrdə istehlakçıların davranışına da təsir göstərir: istehlakçılar daha şəffaf şirkətə üstünlük verir”. 

V.Bayramovun hesab edir ki, Dövlət Vergi Xidməti tərəfindən növbəti siyahı açıqlanan zaman ümumi yüzlük deyil,  siyahıların "qeyri-neft" və "qeyri-dövlət"ə qruplaşdırılması məqsədəuyğun olar. Vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var. 

“Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsi ilə vergi ödəyiciləri üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı. DSMF-ə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhfə verdiyini göstərə bilər. DGK vasitəsi ilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar” deyə o əlavə edib. 

Qiymət Mahir

tag: Vüqar Bayramov,Vergi,Göstərici,DGK,Todaypress.az,

photo