Natiq Cəfərli: “Yaşayış minimumu ilə bağlı hesablama qaydaları dəyişməlidir”
İqtisadiyyat
17.12.2024 17:40
“Azərbaycanda yaşayış minimumu ilə bağlı hesablama qaydaları dəyişməyənə qədər, təyin olunan məbləğ də artmayacaq”.
Bunu TodayPress-ə verdiyi açıqlamada iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, minimum kalori miqdarı və kommunal xidmətlər də daxil edilərək hesablama aparılır.
“Lakin bu hesaba əsasən, məsələn gündəlik adambaşına cəmi 15 dəqiqə internetdən istifadə edilməsi nəzərdə tutulur. Bəlli məsələdir ki, müasir dünyada yalnız 15 dəqiqə internetdən istifadə ilə kifayətlənmək mümkünsüzdür. Kalori hesablamasına görə isə, bir nəfər üçün gündəlik norma 9 qram yağ, 17 qram ət olaraq götürülür. Bu isə olduqca azdır”.
Ekspert diqqətə çatdırıb ki, hesablama qaydaları dəyişməyənə qədər məbləğ aşağı səviyyədə qalacaq və əhalini qane etməyəcək. Bu isə vətəndaşlara gündəlik lazım olan ehtiyacları ödəməyə imkan vermir.
İqtisadçı təklif edib ki, yaşayış minimumu ən azı adam başına 400 manat olsun.
Dekabrın 16-da qəbul olunan “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, yaşayış minimumu ölkə üzrə 285, əmək qabiliyyətli əhali üçün 305, pensiyaçılar üçün 232, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, Azərbaycanda 1 nəfərin orta aylıq xərci ötən il 484,2 manata bərabər olub. Pərakəndə ticarətdə 484,2 manat xərcin 270,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 213,3 manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Bu xərclər hər il ən az 10 faiz artır. Ekspertlər buna səbəb kimi qiymət artımını göstərirlər.
Töhfə Səməd
tag: Azərbaycan, Yaşayış,Minimum, əmək, Pensiyaçı,todaypress.az,