Musa Quliyev: “Bu, Azərbaycanın enerji ehtiyatlarına olan marağın göstəricisidir”

İqtisadiyyat

05.06.2024 16:02

“Bakı Enerji Həftəsinin keçirilməsi, region dövlətləri və bütövlükdə dünyanın böyük şirkətlərinin Bakıya toplanması Azərbaycanın enerji ehtiyatlarına olan marağın göstəricisidir”.  

Bu fikirləri deputat Musa Quliyev Bakı Enerji Həftəsi barədə TodayPress-ə danışarkən bildirib.   

Onun sözlərinə görə, bu Azərbaycanın yaxın ölkələrin, eləcə də, Avropanın enerji təminatında mühüm yer tutmasından xəbər verir:

“Məlumdur ki, Azərbaycan neft-qaz ehtiyatlarının böyük bir hissəsini satır. Beləcə dost ölkələr qazanır, əlaqələrini möhkəmləndirir. Bu ölkəmizə təkcə maddi kapital deyil, eyni zamanda, siyasi dvidentlər gətirir. Ona görə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsində bizim enerji siyasətinin təkcə iqtisadi deyil, siyasi və diplomatik əhəmiyyəti də var. Cənab Prezident Qarabağı və Şərqi Zəngəzuru bərpa olunan enerji zonası adlandırıb. Artıq orada həm günəş, həm də külək enerjisindən geniş istifadə olunacaq. Paralel olaraq ənənəvi enerjilərdən də istifadə etməklə biz enerji potensialımızı gücləndirəcəyik”. 

Deputat ölkəmizin enerji sahəsində böyük uğurlar əldə etdiyini qeyd edib:  

“Azərbaycan həm günəş, həm də külək enerjisi baxımından əlverişli bir coğrafi mövqedə yerləşir. Bunun da öz avantajları var. Böyük şirkətlərlə müqavilələr imzalamışıq. Artıq Avropanın təkcə neft və qaz enerjisi ilə deyil, həm də bərpa olunan enerji ilə təminatında Azərbaycan mühüm rol oynayacaq. Bu mənada Bakıda enerji həftəsinin keçirilməsi gələcəkdəki böyük layihələrdən xəbər verir”.   

Günəş Mərd

tag: Musa Quliyev, Azərbaycan, Enerji, Ehtiyat, todaypress.az,