Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi

İqtisadiyyat

25.04.2025 11:43

6

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yazlıq əkinlərin bəyanı davam edir. Azərbaycanda yazlıq əkinlər dövlət tərəfindən subsidiyalaşdırılır. Əkin sahələrinin hər hektarına görə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq fermerlərə subsidiyalar ayrılır.

Bu barədə TodayPress-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Öz təsərrüfatlarında pambıq, qarğıdalı, günəbaxan, kartof, yazlıq arpa və buğda, tərəvəz, bostan və s. bitkiləri becərən fermerlər dövlət dəstəyindən yararlanmaq üçün əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməlidirlər.

Subsidiya almaq üçün müraciət prosesi tam elektronlaşdırılıb.

Yazlıq əkinlərin bəyanı üçün son tarix 31 maydır. Elektron müraciətin formalaşması üçün fermerlər EKTİS şəxsi kabinetlərində mülkiyyət və istifadə hüququna dair sənədlərə əsasən qeydiyyatdan keçirdikləri təsərrüfatları (torpaq sahələri) üzrə apardıqları yazlıq əkinlərlə bağlı məlumatları daxil etməlidirlər. Zəruri qeyd:

Qanunvericiliyə əsasən, 5 hektardan artıq sahədə aparılan əkinlər aqrokimyəvi analiz və 10 ha üzərində əkinlər, habelə yeni salınan meyvə bağları sığorta predmeti hesab olunur.

Bu səbəbdən, yazlıq əkin aparan fermerlər torpaq nümunələrindən analiz verməli və əkinlərini 50 faiz dövlət dəstəyi ilə sığortalamalıdırlar.

tag: Kənd Təsərrüfatı,Sahibkar,Subsidiya,Elan,Todaypress.az,