İstehlak kreditinə artan tələbin səbəbi “sürü psixologiyası”dır? EKSPERT AÇIQLADI
İqtisadiyyat
04.10.2024 16:25
“Uşaqlarımızın gələcəyini düşünmək üçün bu gün biz bu sual ətrafında yaxşı-yaxşı düşünməliyik:
Əzab-əziyyətlə qazanılan pul əslində hara xərclənəndə daha faydalı olur?
Təəssüf ki, Azərbaycanda əhalinin kütləvi üz tutduğu istehlak kreditlərinin həcmi durmadan artır”.
TodayPress xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov öz “Facebook” sosial şəbəkəsində yayımlayaraq bildirib.
Onun sözlərinə görə, son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq, 8 milyard manata çatıb.
"Bu, həm də Azərbaycandan böyük pulların çıxması deməkdir. Çünki, istehsalı daxili təlabatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. 8 milyard ölkəmizin ümumi kredit portfelinin təxminən 3-də 1 hissəsidir. Biznes kreditlərinin isə 60%-nə bərabərdir. Bu, hədsiz mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, “Kredit fəlsəfəsi”nin oylağı olan ABŞ-də verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir.
ABŞ-də xərclənən isteklak kreditlərinin böyük bir hissəsi ölkənin daxilində qalır. Çünki əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, kompüteri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların hamısını xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi məhsullarını aldığımız ölkələrə axıb gedir".
E.Əmirov bildirib ki, bu prosesdə malını bizə satan ölkələr, istehlak krediti verən banklar və bu malları ölkəmizə gətirib ticarəti quran subyektlər qazanır. “Bəs uduzan kimdir?” sualına iqtisadçı bu cür cavab verib:
"Uduzan insanlar - istehlakçılardır. Onları kimsə buna məcbur etmir. Amma onlar bir-biri ilə bəhsə getməklə özlərini buna məcbur edirlər.
Babamız, atamız piyada gəzib, özümüz bahalı maşın istəyirik. Nənəmiz, anamız 10-15 nəfərin istifadə etdiyi qabları soyuq suda yuyub, amma özümüz 2 nəfərin boşqabını isti suda yumaq istəmirik ki, qabyuyan maşın olmalıdır. Atamız bir topla, maksimum bir velosiped almaqla bizi xoşbəxt etdiyi halda, biz uşaqlarımızı smartfonlarla və ya başqa nələrləsə xoşbəxt etməyə çalışırıq”.
Töhfə Səməd
tag: İstahlak ,Uşaqlar ,Eldəniz Əmirov ,Azərbaycan, Kredit ,todaypress.az,