İqtisadi təlatüm “Qara Qızıl”ı vurdu: Neftin ucuzlaşmasının Azərbaycana təsiri - Ekspert rəyi
İqtisadiyyat
10.09.2024 13:27
Son 1 həftə ərzində dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində kəskin ucuzlaşma müşahibə olunur. Belə ki, neftin 1 bareli 81,56 ABŞ dollarından 75,9-a düşüb. Bu isə builki orta qiymət həddinə olduqca yaxın göstəricidir.
“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban TodayPress-ə bildirib ki, neft bazarında qiymətin enib-qalxması adi haldır.
Ona görə də iyun ayında büdcə dürüstləşdirilməsi zamanı neftin orta qiymətinə dəyişiklik edilib və o, 75 ABŞ dollarında qərarlaşdırılıb:
“Bu ilin birinci yarısında neftin orta qiyməti 85 ABŞ dolları olub. Bu o deməkdir ki, ilin ikinci yarısında neftin orta qiyməti 65 ABŞ dollarına qədər ucuzlaşa bilər ki, bu da büdcə üçün heç bir təhlükə yaratmır. Hazırda dünyada gedən proseslərlə əlaqədar olaraq iqtisadi təlatüm yaşanır. Buna görə də neftin qiymətində kəskin azalma və yaxud da artımın baş verməsi normal haldır. Lakin bütün bunlar Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə təsir göstərmək və ya problem yaratmaq gücündə deyil”.
Analitikin sözlərinə görə, il boyu cəmi 1 həftə neftin qiymətinin enməsinin heç bir ciddi təsiri yoxdur. Azərbaycan bu halları əvvəlcədən proqnozlaşdırdığı üçün öz tədarükünü görüb. Buna görə də, heç bir narahatlığa əsas yoxdur.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanır.
Töhfə Səməd
tag: iqtisadiyyat,neft,büdcə,dollar,todaypress.az,