İqtisadi rəqiblərin "mehriban ortamı” : Davos Forumunda nələr baş verəcək?

İqtisadiyyat

21.01.2025 11:54

"2025-ci ildə keçirilən Davos İqtisadi Forumunun əvvəlkilərdən əsas hədəflər baxımından müəyyən fərqləri var". 

İqtisadçı ekspert Eldəniz Əmirov bu barədə TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, əvvəlki forumlarda da süni intellekt, iqlim dəyişikliyi, insan kapitalı və texnoloji yeniliklər kimi mövzular müzakirə olunsa da, bu il müvafiq mövzulara daha konkret və strateji yanaşmalar olacaq: 

“Məsələn, əvvəlki illərdə texnologiyanın inkişafı ümumi müzakirə mövzusu olsa da, bu il süni intellektin cəmiyyət və iqtisadiyyat üzərindəki dərin təsirlərinə daha çox diqqət ayrılması nəzərdə tutulur. Həmçinin, iqlim dəyişikliyi həmişə prioritet mövzulardan biri olsa da, bu il innovativ tərəfdaşlıqlar və yaşıl sənaye sahəsində konkret həllərin təklif olunacağı gözlənilir”.  

İqtisadçının sözlərinə görə, insan kapitalı ilə bağlı məsələlərdə də fərqliliklər gözlənilir. Məsələn, əvvəlki Forumlar daha çox qlobal iqtisadi məsələlərə fokuslanmışdı. Lakin bu il insan kapitalına yatırımlar xüsusi prioritet olacaq. Forumun digər fəqrliliyinin yeni iqtisadi modellərlə bağlı olacağı gözlənilir. Belə ki, iqtisadi dayanıqlılığın müzakirəsi ilə yanaşı, inkişafın qeyri-ənənəvi mənbələrinin araşdırılması da ön planda olacaq:  

“Göründüyü kimi, 2025-ci il Forumunun mövzuları daha spesifik, praktiki və gələcək üçün həlledici yanaşmalar hesab edilir. Lakin mövzularda və mahiyyətdə olan fərqliliyin real tətbiqinin nə qədər mümkün olacağını və bunun planet üçün hansı faydalarının olacağını demək bir qədər çətindir. Çünki, Davos Forumu həm də bir-birini o qədər də sevməyən iqtisadi rəqiblərin "mehriban" ortamıdır”. 

Töhfə Səməd

tag: İqtisadçı ,İqlim,Forum,Təhlil,Eldəniz Əmirov,Davos İqtisadi Forumu,Todaypress.az,

photo