“Instagram”dan yeni qadağa - ekran qeydi almaq olmayacaq

İqtisadiyyat

18.10.2024 13:50

Məşhur sosial media platforması olan "Instagram" şantaj və digər fırıldaqlıqlarla mübarizə aparmaq üçün yeni təhlükəsizlik funksiyasını - ekran görüntüsünün bloklanmasını təqdim edib.

TodayPress xəbər verir ki, gənc istifadəçiləri hədəf alan fırıldaqçılara qarşı hazırlanmış bu xüsusiyyətlər istifadəçilərin şəxsi şəkillərinin pis niyyətli insanlar tərəfindən istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır.

"TechCrunch"a görə, bu xüsusiyyət təhlükəsizliyi "Snapchat"dan daha yaxşı təmin edəcək. Hansı ki, "Snapchat" tətbiqi skrinşot çəkilən zaman istifadəçini xəbərdar edir.

"Instagram" intim şantaj fırıldaqlarına qarşı daha bir tədbir olaraq geolokasiya xəbərdarlığı təqdim edəcək.

Bu xəbərdarlıqların məqsədi istifadəçilərin söhbət etdiyi insanların başqa ölkədən olub-olmadığını göstərməklə fırıldaqçılıq tələlərinə düşmə riskini azaltmaqdır.

Belə fırıldaqlar əsasən Qərbi Afrika və Cənub-Şərqi Asiyadan gəlir. 

Bundan başqa, "Instagram"ın yeni siyasətləri çərçivəsində 18 yaşdan kiçik istifadəçiləri qorumaq üçün hazırlanmış "Gənclik Hesabları" qüvvəyə minib.

Bu hesablarda cinsi məzmuna qarşı daha sərt məhdudiyyətlər və təhlükəsizlik tədbirləri olacaq.

Bundan əlavə, gənc istifadəçilərə göndərilən şəxsi mesajlardakı çılpaq şəkillər avtomatik olaraq bulanıqlaşacaq və bu funksiya defolt olaraq aktivləşdiriləcək.

Həmçinin istifadəçilərə şəxsi fotoşəkilləri göndərərkən qarşılaşa biləcəkləri risklər barədə xəbərdarlıq ediləcək.

Töhfə Səməd

tag: Qərbi Afrika, Gənclik Hesablar, İstifadəçilər, Şərqi Asiya, todaypress.az,