İlham Bayramov: “ESG BMT-nin dayanıqlı 17 istiqamətinə çatmaq üçün yol göstərir”

İqtisadiyyat

04.11.2024 16:36

"Ekoloji, sosial və korporativ idarəetmə dövlət standartı beynəlxalq təcrübələrdən keçmiş sınaqları özündə ehtiva edir. Standart ölçüsündən, növündən asılı olmayaraq, bütün təşkilatlarda dayanıqlı inkişaf, sosial ədalət prinsiplərini özündə daşıyır".

TodayPress xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov "Bakı KOB evi"ndə yeni qəbul edilmiş ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə dövlət standartı ilə bağlı KOBİA-nın və Azərbaycan Standratlaşdırma İnstitutunun rəhbərliyinin iştirakı ilə keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, ESG standartı sistemli yanaşma və performans göstəricilərini müəyyən etmək üçün həllər də göstərəcək:  

“Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-2030-cu illər üzrə dayanıqlı inkişaf məqsədləri qəbul edilib. Ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülüb. ESG  BMT-nin dayanıqlı 17 istiqamətinə çatmaq üçün yol göstərir. Dayanıqlı 17 inkişaf məqsədi ESG-yə tam uyğundur. Bu standart tək maliyyə yox, həm də qeyri-maliyyə istiqamətlərinin nəticələrini hesablayır. ESG daha çox KOB-larda tətbiq olunur. Optimallıq baxımından yaxşı örnəkdir. Hesabatların təqdim edilməsində də bu standart mühüm rol oynayır".       

O qeyd edib ki, ESG standartı 70 səhifədən ibarətdir: 

"ESG-də daxili və xarici amillər, layiqli iş mühiti, istehlakçılara olan təsirlər, ictimaiyyətin cəlb edilməsi, məxfilik, sağlamlıq, texniki təhlükəsizlik, insan resurslarının idarə olunması, sosial ədalət və başqa prinsiplər əksini tapıb. Hər bir istiqamət üzrə beynəlxalq və Azərbaycanın qəbul etdiyi xüsusi standartlar mövcuddur. Bütün bunlar müəssisə və təşkilatlarda vahid yanaşmanı diktə edir. Bizim şirkətlər bu standartı tətbiq etməklə beynəlxalq səviyyədə rəqabət üstünlüyü əldə edəcəklər".

Töhfə Səməd

tag: KOB, Bakı,Azərbaycan Standartlaşdırma İnstitutu,ESG Standartı,