II “Körfəz - Azərbaycan" İqtisadi Forumu ölkəmizə nə vəd edir? - ŞƏRH

İqtisadiyyat

28.08.2024 12:36

Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) Palatalar Federasiyası sentyabrın 25-26-da Bakıda II “Körfəz - Azərbaycan" İqtisadi Forumunu təşkil edəcək. “Dayanıqlıq, investisiya, tərəfdaşlıq” adlanacaq forumun əsas məqsədi Körfəz ölkələri ilə Azərbaycan arasında bir sıra perspektivli iqtisadi sahələrdə ticarət əlaqələrini inkişaf etdirməkdir. 

Məsələ ilə bağlı TodayPress-ə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycan Körfəz ölkələri ilə münasibətləri gücləndirmək istiqamətində bir sıra addımlar atır. Xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı ilə birgə bərpa olunan enerji layihələri, turizim və bir sıra istiqamətlərdə işlər görülür: 

“Bu cür tədbirlərin müsbət tərəfləri olduqca çoxdur. Belə ki, tərəflər müzakirələr aparıb, yeni tanışlıqlar həyata keçirir və biznes layihələrini təqdim edirlər. Bu, iş dünyası üçün olduqca əlamətdar hadisədir. Bununla da əlaqələr daha çox güclənəcək”.

İqtisadçı bildirib ki, Körfəz ölkələri ilə ticarət dövriyyəsi ötən il yüksək nəticələr verib. Belə ki, təkcə BƏƏ ilə Azərbaycan arasında 2023-cü ildə ticarət dövriyyəsi 30 faizə yaxın artaraq 133 187.4 ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin dəstəyi ilə təşkil olunacaq. Heydər Əliyev Mərkəzində baş tutacaq Forumda rəsmi iştirakçıların sayının 300-dən çox olacağı gözlənilir.  

Töhfə Səməd

tag: Fars Körfəzi, Azərbaycan, BƏƏ, ABŞ,Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası, todaypress.az,

photo