İçkilər və tütün məmulatlarına milyonlar xərclənib – AÇIQLANDI

İqtisadiyyat

18.02.2025 11:51

2440

“Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarıdır”. 

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.

O qeyd edib ki, 2025-ci ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib. Bu ümumi pərakənda ticarət dövriyyəsinin 4.7 faizidir. Ötən ilin yanvar ayı müqayisədə içkilər və tütün məmulatlarına 1,8 faiz daha çox pul sərf edilib: 

“DSK-nin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilır və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtili içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır. Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmaslna qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər”. 

Deputat Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırdığını qeyd edib:

“Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır.

Müqayisə üçün qeyd edək ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistan 3.2,  Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdirlər. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%)”.

Qiymət Mahir

tag: Gürcüstan,DSK,Yanvar,Ticarət,Todaypress.az,