Əvəz Quliyev: “Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb olunmayacaq”

İqtisadiyyat

26.11.2024 12:12

“Növbəti ilin Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq Milli Məclisdə müzakirə olunur”. 

TodayPress xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, burada 5 istiqamət üzrə 37 əsas, 75 alt maddədə dəyişiklik nəzərdə tutulub. İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının vergi nəzarəti mexanizmi və digər məsələlər üzrə təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşma xarakterli dəyişikliklərdir: 

“Dəyişikliyin əhatə etdiyi əsas sahələr “yaşıl iqtisadiyyat”, tibbi turizm, mədəniyyət sektoru, dövləy-özəl tərəfdaşlıq, avtomobil sənayesi, gəmiqayırma, ticarət şəbəkələri və bazarlardır. Bundan başqa, növbəti ildən yerli avtobus istehsalçılarına vergi güzəştləri veriləcək. Ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə hüquqi şəxslər tərəfindən təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının 8 il müddatinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur”. 

Rəis müavinin sözlərinə görə, tibbi turizm üzrə də yeniliklər nəzərdə tutulub. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması həyata keçiriləcək. 

Həmçinin torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb olunmayacaq. Hüquqi şəxslər tərəfindən torpaq icarasinə görə əldə edilən icarə haqqı ƏDV-dən azad ediləcək. 

Töhfə Səməd

tag: Vergi, İqtisadiyyat, Siyasət, Əvəz Quliyev, Torpaq Sahələri, todaypress.az,