Enerji nəhənglərinə meydan oxuyan ölkə - Düzgün siyasi xətt - ŞƏRH

İqtisadiyyat

20.07.2024 14:38

“Azərbaycanın geosiyasi və geoiqtisadi proqramlarında enerji faktoru çox mühüm rol oynayır”. 

Bunu TodayPress-ə açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

Onun sözlərinə görə, ölkəmiz üçün enerji vacib məsələdir və bu baxımdan biz dünya birliyi qarşısında öz imkanlarımızı sərgiləyirik:  

“Sir deyil ki, biz ənənəvi mənbələrlə zənginik, neft, qaz sahəsində xeyli imkanlarımız var. Ancaq biz bununla yanaşı yaşıl enerji strategiyamızı da gücləndiririk. Çünki gələcək yaşıl enerji üzərində qurulacaq”. 

Ekspert qeyd edib ki, enrerji bazarında rəqabət həmişə güclü olub və burada siyasi amil də rol oynayır:

“Azərbaycan Avropa Birliyi üçün önəmli tərəfdaşdır. Ona görə də bizə böyük diqqət var. Bunu Oksfordda keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısında da gördük. Bu Azərbaycanın vaxtilə çox vacib investisiya layihələrini uğurla yerinə yetirməsi ilə bağlıdır. Bizim dünya bazarlarında, siyasi aləmdəki çevikliyimiz hər zaman təqdir olunur”. 

Politoloq hesab edir ki, hazırda Avropanın bizə böyük ehtiyacı var:

“Avropalılar artıq bizə ehtiyacı olduqlarını gizlətmirlər. Ukrayna böhranından sonra Rusiya ilə Avropa arasında uçurum yarandı. ABŞ bu uçurum yaratmaqda maraqlı tərəf idi. ABŞ çox çalışdı ki, Rusiya ilə Avropa İttifaqı, xüsusilə, Almaniya arasında nifaq salsın və buna nail oldu. Avropa indi yol ayrıcındadır.  Biz Rusiya ilə dost, bəzi məqamlarda isə rəqibik. Ancaq onun payına göz dikməmişik. Hər oyunçunun öz bazarı, öz planları var”. 

Prezident Oksfordda keçirilən toplantıda çıxış edərkən bildirdi ki, Azərbaycan öz öhdəlik və sözünə sadiqdir. Yəni biz heç vaxt vədlərimizdən dönməyəcəyik və bundan sonra Avropaya artan həcmdə qaz məhsulunu tədarük edəcəyik. 

Günəş Mərd

tag: Enerji, Azərbaycan, Tofiq Abbasov, Ekspert, Geosiyasi, todaypress.az,

photo