Emin Ağalarov Azərbaycan-Rusiya İşğüzar Şurasının İdarə Heyətinin sədri seçildi
İqtisadiyyat
03.12.2024 01:12
\Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının
növbəti iclası keçirilib.
İşgüzar Şuradan TodayPress-ə verilən məlumata görə, tədbirdə Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
Tədbirdə çıxış
edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın
inkişafını vurğulayıb, iqtisadi - ticarət əlaqələrinin şaxələndirilməsi
kontekstində Azərbaycan – Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin
əhəmiyyətini qeyd edib.
İki ölkənin
biznes dairələri tərəfindən yaradılmış Azərbaycan – Rusiya İşgüzar Şurasının
fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə
arasında ticarət və işgüzar əlaqələrin inkişafı, Azərbaycan biznes
ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə
danışıb.
İclasın
gündəliyinə uyğun olaraq, Şuranın İdarə Heyətinə seçkilər keçirilib, Azərbaycan
– Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri “Agalarov Development”
şirkətinin təsisçisi Emin Ağalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı
direktoru Yusif Abdullayev və “Nardaran Invest” MMC-nin direktoru Qəmbər
Bənənyarlı seçiliblər.
Şuranın yeni
seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes
dialoqun intensivləşdirilməsi və hər iki ölkənin işgüzar dairələri üçün
tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin
əhəmiyyətini qeyd edib.
Tədbirdə
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin
inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.
Qeyd edək ki,
2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və
iki ölkənin digər dövlət qurumları və müvafiq ictimai təşkilatlarla fəal
əməkdaşlıq edir.
tag: Emin Ağalarov, Mikayıl Cabbarov, İqtisadiyyat, İşgüzar Şura, Rusiya, todaypress.az,