Eldəniz Əmirov: “Büdcəmizdə neftin qiymətinin 70 dollardan götürülməsi risklidir”

İqtisadiyyat

18.09.2024 12:48

“Gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır”.

TodayPress xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov öz “Facebook” sosial şəbəkəsindəki paylaşımında bildirib. 

O, qeyd edib ki, sentyabrın 17-də Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərini açıqlayıb. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri bu ilə müqayisədə 0,6 % artaraq 36 mlrd. 616 mln. manat, xərcləri isə 0,2 faiz azalaraq 39 mlrd. 667,6 mln. manat proqnozlaşdırılır. Büdcə kəsiri isə 3 mlrd. 51,6 mln. manat proqnozlaşdırılır ki, bunun da 87,6%-nin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Burada əsas risk neftin ixrac qiymətinin 70 dollardan götürülməsidir: 

“Aydın məsələdir ki, neftin qiymətinin az götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaq. Kəsirin qapadılması isə borclanmanı artıracaq. Buna görə də neft qiyməti 70 dollar olaraq götürülüb”. 

Ekspert qlobal və geosiyasi proseslərin arzuolunmaz formada davam etməsi, neft qiymətinin uzun müddətli aşağı olması halında öhdəliklərin necə təmin ediləcəyi sualına da cavab verib. Onun sözlərinə görə, borclanmanın artırılması, transfer və digər vəsitələrlə qarşılana bilsə də, sonrakı proseslərdə əlavə “qayğılar” yaranacaq. Buna görə də, ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmazdı.

“İlin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici olmasa da, heç də qorxulu deyil. Onsuz da, hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq da mümkündür. Yetər ki, hazırkı məqamda risklər doğru sığortalansın” deyə Eldəniz Əmirov bildirib. 

Töhfə Səməd

tag: Neft, Azərbaycan, İqtisadiyyat ,Büdcə, İxrac ,Eldəniz Əmirov ,todaypress.az,