ƏƏSMN: Pensiyalar gələn ay artırılmış məbləğdə veriləcək
İqtisadiyyat
28.01.2025 21:50
Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.
TodayPress xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
Qeyd edilir ki, artımlar iki istiqamətdə olacaq. Yəni,
həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması,
həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən
320 manata çatdırılması təmin olunacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial
islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu
vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra
edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq
pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin
2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd
edilib.
İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin ötən ilki fəaliyyətinin nəticələri diqqətə
çatdırılıb. Muxtar respublikada sosial müdafiə və aktiv məşğulluq
proqramlarının icrası, DOST infrastrukturunun qurulması, sosial xidmət və
reabilitasiya şəbəkəsinin genişləndirilməsi, əmək, məşğulluq, sosial müdafiə
sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi
sahəsində görülən işlərə dair təqdimat edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötən ilki fəaliyyətinin nəticələri qeyd
olunub. 2024-cü ildə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən
olunan 61 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi, gecikdirilmiş sosial
xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox vəsaitin işəgötürənlər
tərəfindən işçilərə ödənilməsinin təmin edildiyi bildirilib.
Əmək münasibətləri üzrə innovativ nəzarət
mexanizimlərinin tətbiqi, “Əmək və Məşğulluq” altsisteminin funksionallığının
artırılması, işəgötürənlərin əmək qanunvericiliyi barədə maarifləndirilməsi və
s. sahələrdə atılan addımlar diqqətə çatdırılıb.
Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun
(DSMF) son bir ildəki fəaliyyətinə dair məlumat verilib. DSMF-nin gəlirlərinin
2024-cü ildə əvvəlki illə müqayisədə 345 mln. manat (5 faiz) çox olmaqla 7
mlrd. 20 mln. manat, Fondun xərclərinin isə əvvəlki ilə nisbətən 808 mln. manat
(13 faiz) çox olmaqla 6 mlrd. 889 mln. manat təşkil etdiyi bildirilib. Pensiya,
müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə ötən il əvvəlki ilə nisbətən
844 mln. manat (10,6 faiz) çox olmaqla 8 mlrd. 846 mln. manat ödənildiyi qeyd
olunub.
Nazirliyin digər fəaliyyət sahələrində ötən il görülən
işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
tag: ƏƏSMN, Pensiya, Artım, Fevral, Sahil Babayev, todaypress.az,