Dövlət Gömrük Komitəsi məlumat yaydı
İqtisadiyyat
16.07.2024 23:45
Bu gün bəzi media orqanlarında “Union Logistics” MMC-yə məxsus
yük nəqliyyat vasitələrinin Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu"
gömrük postunda xeyli müddət saxlanılması ilə bağlı məlumatlar yayımlanıb.
Dövlət Gömrük Komitəsindən TodayPress-ə bildirilib ki, "Union
Logistics" MMC tərəfindən Çin Xalq Respublikasından Qırğız Respublikasına
məxsus 4 nəqliyyat vasitəsilə Çin mənşəli müxtəlif təyinatlı qarışıq yüklər
iyun ayının sonundan etibarən ölkə ərazinə daxil olub.
Qeyd edilir ki, "İpək yolu" gömrük postuna daxil
olan nəqliyyat vasitələrində olan yüklərin gömrük rəsmiləşdirilməsinin
aparılması üçün 2-9 gün aralığında bəzi sahibkarlar tərəfindən gömrük bəyannamələri
təqdim edilib.
Eyni zamanda, bu günə qədər həmin nəqliyyat vasitələrində
gömrük bəyannaməsi təqdim edilməmiş yüklər də mövcuddur.
Bildirilir ki, malların eyniləşdirilməsi üçün gömrük baxışı
gömrük bəyannaməsi əsasında həyata keçirilir. Rəsmiləşdirilməsi sona
çatdırılmış gömrük bəyannamələri üzrə gömrük nəzarətinin təyin olunduğu barədə
elektron bildirişlərin sahibkarlara göndərilməsinə baxmayaraq, sahibkarlar tərəfindən
malların təhvil alınmasına dair elektron növbə üçün müraciət olunmayıb. Əlavə
olaraq 2024-cü il 12 iyul tarixdə həmin sahibkarlara gömrük orqanları tərəfindən
malların təhvil alınması üçün yazılı formada məktub ünvanlanıb.
Ünvanlanmış məktublardan irəli gələn görüşlər zamanı məlum
olub ki, “Union Logistics” MMC tərəfindən sahibkarlara malların təhvil alınması
üçün yaxınlaşmamaları, 15 iyul 2024-cü il tarixdə kütləvi şəkildə Bakı Baş
Gömrük İdarəsinin qarşısında toplanmaları tövsiyə olunub.
Bildirilir ki, yük nəqliyyat vasitəsinə “İpək Yolu” gömrük
postunda fəaliyyət göstərən gömrük əməkdaşları tərəfindən zərər vurulması ilə
bağlı Qırğız Respublikasının gömrük xidməti tərəfindən şəkil və videogörüntülər
göndərilib. Aparılan araşdırma nəticəsində həmin nəqliyyat vasitəsinin ölkə ərazisinə
zədəli şəkildə daxil olduğu müəyyən edilib.
tag: todaypress.az, DGK,Qırğız Respublikası, Çin, Union Logistics,