"Dövlət - biznes əməkdaşlığı və nəticələr" mövzusunda tədbir keçirildi - FOTO
İqtisadiyyat
26.11.2024 12:40
Noyabrın 26-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) "Dövlət - biznes əməkdaşlığı və nəticələr" mövzusunda tədbir keçirilib.
TodayPress xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, biznes assosiasiyalarının nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər.
DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün əsas məqsədi vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilmiş və nəzərdə tutulan dəyişikliklər, eyni zamanda bu proses çərçivəsində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları, sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın nəticələrini təqdim etmək və yeni istiqamətləri müzakirə etməkdir.
İştirakçılar vergi islahatlarının ölkəmizdə sahibkarlıq fəaliyyətinə təsirləri, bu biznes subyektlərinin prosesdə fəal sahədə qanunvericiliyin təkmilləşdirilməsi, iştirakı ilə bağlı məsələləri müzakirə ediblər. Bildirilib ki, iqtisadiyyatımız üçün yeni inkişaf prioritetlərinin və dayanıqlı fəaliyyətə keçid istiqamətində təşəbbüslərin həyata keçirilməsində vergi islahatları mühüm rola malikdir.
Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev dövlət və özəl sektor arasında əməkdaşlıqla müşayiət olunan təkmilləşmələrin daha effektiv olduğunu, birgə fəaliyyətin daha dayanıqlı və hərtərəfli inkişafa təkan verdiyini vurğulayıb.
DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov isə "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri", baş idarənin rəis müavini Əvəz Quliyev "2025-ci ildə Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklər" barədə təqdimatlar ediblər.
Nicat İmanov diqqətə çatdırıb ki, kölgə iqtisadiyyatının azaldılması istiqamətində sahibkarlarla birgə fəaliyyət göstərilir:
“Təkrar məsələləri çıxmaqla 170 məsələ qiymətləndirilməsi üçün qeydə alınmış və onlardan 95-i öz həllini tapmış, 98 məsələ üzrə müvafiq izahat verilmiş, 93-ü isə qeyri-məqbul sayılmışdır. Həllini tapan sahələr arasında istehsal və maliyyə ön planda durur”.
Əvəz Quliyev isə öz növbəsində Vergi Məcəlləsinə ediləcək dəyişiklik layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, layihə artıq Milli Məclisdə müzakirə olunur:
“Dəyişikliyin əhatə etdiyi əsas sahələr “yaşıl iqtisadiyyat”, tibbi turizm, mədəniyyət sektoru, dövləy-özəl tərəfdaşlıq, avtomobil sənayesi, gəmiqayırma, ticarət şəbəkələri və bazarlardır”.
Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Şaban Abdullayev "Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi" barədə məlumat verib.
Görüşdə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində növbəti il üçün biznesin fəaliyyətinin təşviqi barədə fikirlər səsləndirilib. Ölkəmizin investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində dövlət özəl sektor tərəfdaşlığının gücləndirilməsinin faydaları qeyd edilib.
Tədbir zamanı vergi qanunvericiliyi ilə bağlı səsləndirilən təkliflər müzakirə edilib, qaldırılan suallar cavablandırılıb.
Töhfə Səməd
tag: Biznes, Əməkdaşlıq, Vergi, İqtisadiyyat, Maliyyə Naziri, todaypress.az,