Depozit yerləşdirməsi faizləri azaldacaq – AÇIQLANDI
"Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib".
TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, cəmi 2 həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək.
Çünki depozit gəlirlərində 7.04 faizədək azalma var.
"Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən 1.0 milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır.
Mühüm məqamlardan biri depozit hərraclarda yerləşən bankların sayı ilə bağlıdır. Bu dəfə bankların sayı “1” ədəd artaraq 4-dən 5-ə çatıb. Bu heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı 5 olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb".
Deputatın fikrincə, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan deyil. Buna səbəb bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yaratmasıdır.
"Ümumiyyətlə, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar “yaxşı” və “pis oğlanlar” (good and bad guys) kimi qruplaşdırılmır. Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur. Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq "böyüklük ilə az risklik" arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər" Vüqar Bayramov yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycanın Maliyyə Nazirliyi, dövlət büdcəsinin vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə 500 milyon manatlıq sərbəst qalığı ölkənin beş iri bankında depozitə qoyub.
Nazirlik tərəfindən verilən açıqlamada qeyd edilib ki, bu depozitlər 32 gün müddətinə və orta çəkili 7,04% faiz dərəcəsi ilə yerləşdirilib.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Depozit,Faiz,Todaypress.az,