Depozit faizləri kəskin artdı: Qorunan faizlər dəyişəcək? – AÇIQLANDI
"Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur. Sistem əhəmiyyətli banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək yüksəlib".
TodayPress xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, nəinki illik depozit faizləri, hətta 3 aylıq faizlər belə 3.0 faizədək artıb:
"Banklar artıq depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif edirlər. Bu isə təbii ki, qorunmayan depozitlərin həcminin artmasına səbəb olacaq. Qanunvericiliyə əsasən, hazırda hər bir iştirakçı bankda 100 min manatadək depozitlərlə sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12.0, xarici valyutada isə 2.5 faizdir".
V.Bayramovun sözlərinə görə, xarici valyutada qorunan əmanətlərin maksimum faiz dərəcəsi 2.5 faiz olsa belə, hazırda əksər banklarda həmin əmanətlər üzrə depozit faizi 5.0 faizə çatır. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif edən vəsait məbləğindən asılı olmayaraq sığortalanmır. Yəni, bank müflis olarsa, o əmanətlər geri qaytarılmır.
"Eyni zamanda cəmi depoztilərin həcmi 2025-ci ilin yanvar ayının sonuna əvvəlki ay ilə müqayisədə 40 milyard 270 milyon manatdan 40 milyard 175 milyon manatadək azalıb. Azalma qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin müvafiq dövrdə 22 milyard 532 milyon manatdan 21 milyard 756 milyon manata düşməsi ilə bağlıdır. Maraqlıdır ki, əgər banklarda izafi vəsaitlər, yəni resurs artıqlığı varsa, o zaman niyə bahalı depozit siyasəti həyata keçirilir? Əslində depozit faizlərindəki artımlar banklardakı izafilik deyil, əksinə vəsaitə tələbin olmasından xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil” deyə millət vəkili qeyd edib.
Türkan İsgəndərli
tag: Milli Məclis,Vüqar Bayramov,ABŞ ,Banklar ,todaypress.az,