Dələduzlar şikarını gözləyir: Tur paket alarkən diqqətli olun! - Ekspert açıqlaması

İqtisadiyyat

21.12.2024 17:05

Azərbaycanda bütün sahələrdə olduğu kimi, turizmdə də dələduzluq halları var. Müxtəlif işbazlar vətəndaşların etibarından sui-istifadə edərək onlara tur paketlər satır, sonra isə məlum olur ki, nə aviabilet alınıb, nə dəki hotel bron olunub. 

Bunu TodayPress-ə açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib. O, xəbərdarlıq edib ki, xüsusilə sosial şəbəkələr üzərindən fırıldaqçılar tərəfindən kəskin ucuz, aldadıcı qiymətlərlə turlar təklif olunur. Lakin araşdıran zaman məlum olur ki, həmin "şirkətlər"in heç ofisləri də yoxdur:  

“İnsanların iş yükü ağır olduğuna və ya sırf rahatlıq olsun deyə onlayn əməliyyatlara üstünlük verirlər. Bundan istifadə edən yalançı tur şirkətləri isə ödənişi "card to card" sistemi və ya sadəcə ilkin ödənişin edilməsini tələb edirlər. Lakin sonra məlum olur ki, nə belə bir şirkət var, nə də o qimətə tur”. 

Ekspert vətəndaşlara səslənərək bildirib ki, nəzərdə tutulan istiqamətə qiymətlərin hansı civarda olduğunu dəqiq öyrənmək üçün bir neçə mənbəyə baxmaq lazımdır:  

“Çünki ola bilməz ki, eyni tur bir yerdə min manata, digərində isə 500-ə olsun. Bundan başqa, ödəniş prosesində də olduqca diqqətli olmaq vacibdir. Kart məlumatlarını vermək və ya digər şəxsi məlumatları qarşı tərəfə ötürməkdən çəkinin”. 

Turizm məsləhətçisi Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvü olan və reyesterdən keçmiş şirkətlərə üstünlük verməyi tövsiyə edib. 

“Vətəndaşlar hər hansısa ödəniş etməzdən öncə həmin şirkətlərdən sertifikatlarının olub-olmamasını soruşa bilərlər. Ümumiyyətlə onları tələsdirən və ya "yerlər məhdud saydadır" deyib ödənişin ən azından bir qismini tələb edən şirkətlərdən qaçınmaqda fayda var” Ceyhun Aşurov fikrini bu cümlələrlə yekunlaşdırıb.

Töhfə Səməd

tag: Şirkət, Tur, Ceyhun Aşurov, Ödəniş, Dələduzluq, todaypress.az,

photo