Çinin xidmət ticarəti ilk dəfə 1 trilyon dolları ötdü
İqtisadiyyat
03.02.2025 13:46
Çinin illik xidmət ticarəti 2024-cü ildə ilk dəfə 1 trilyon ABŞ dollarını keçərək sektorun böyük potensiala malik olduğunu nümayiş etdirib.
TodayPress xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi (MOC) məlumat yayıb.
Bildirilib ki, ölkənin xidmət sahəsindəki idxal və ixracının ümumi dəyəri 2024-cü ildə 7,5 trilyon yuan (təxminən 1,05 trilyon dollar) təşkil edib ki, bu da illik 14,4% artım deməkdir. İxrac 18,2%, idxal isə 11,8% artıb.
“Rəqəmsallaşma, ağıllı texnologiyaların inkişafı və yaşıl iqtisadiyyat trendlərinin təsiri ilə 2024-cü ildə Çinin xidmət ticarəti miqyasca böyüyüb, strukturu optimallaşdırılıb və beynəlxalq rəqabət qabiliyyəti artıb” deyə Çin Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Akademiyasının tədqiqatçısı Li Jun bildirib.
O, qeyd edib ki, Çinin viza rejimini yumşaltması və tranzit vizasız rejimi genişləndirməsi ölkəyə gələn turistlərin sayını artırıb. Bunun nəticəsində “China Travel” (Çin Səyahəti) sosial mediada populyar trendlərdən birinə çevrilib. Beynəlxalq turistlər getdikcə daha çox Çin mədəniyyət abidələrinə, təbiətinə və şəhər turlarına maraq göstərirlər.
Li əlavə edib ki, artan turizm axını ölkənin xidmət ticarətini daha da canlandıra və qlobal səyahət sənayesinin bərpasına töhfə verə bilər.
Xatırladaq ki, 2024-cü ilin avqustunda Çin hökuməti xidmət ticarətinin yüksək keyfiyyətli inkişafını təşviq etmək üçün yeni bir istiqamət sənədi yayımlayıb. Li Jun bildirir ki, sənəd Çinin xidmət ticarətinə güclü siyasət dəstəyi verir. O, sənayedə innovasiya və beynəlxalq əməkdaşlıq səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qiymət Mahir
tag: Çin,ABŞ,Çin Ticarət Nazirliyi,İqtisadiyyat,todaypress.az,