Çindən ABŞ-yə əks iqtisadi hücum: Azərbaycana hansı təsirləri olacaq? – PROQNOZ

İqtisadiyyat

04.02.2025 19:03

“Qlobal arenada baş verən hadisələr əlbəttə ki, dünyada iqtisadi münasibətlərin yenidən formalaşmasına və bəzən də bazar konyunkturasına təsir göstərir”. 

Bunu TodayPress-ə açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib. 

Ekspert hesab edir ki, ümumiyyətlə, Trampın hakimiyyətə gəlməsindən sonra iqtisadiyyatda yeni formalaşmış münasibətlərə baxılacaq və əlaqələr yenidən qurulacaq.  

“Bu baxımdan əgər yaxın gələcəkdə Rusiya-Ukrayna müharibəsi də yekunlaşarsa, hesab edirəm ki, bu, dünyada qazın qiymətinin sürətlə aşağı enməsinə səbəb ola bilər”. 

O, dünyada baş verən iqtisadi gəlişmələrin Azərbaycan qazına təsirindən də söz açıb:  

“Ümumiyyətlə, beynəlxalq layihələr və müqavilələr uzunmüddətli bağlanır.  Ona görə də dünyada baş verən bu tipli hadisələr Azərbaycan qazının qiymətinin aşağı düşməsinə təsir göstərməyəcək. Əksinə, həsəb edirəm ki, bu cür yanaşmalar qaz ixracını daha çox şaxələndirəcək, artıracaq. Qiymətlər isə Azərbaycanın xeyrinə dəyişəcək. Yəni, dünyada qiymətlər artsa, sözsüz ki, Azərbaycan qaz ixracından əlavə gəlir əldə edə bilər". 

E.Kərimlinin fikrincə, bu cür proseslər ölkə iqtisadiyyatına mənfi təsir göstərməyəcək. Əksinə, hər iki halda Azərbaycan bundan daha çox qazanclı çıxacaq. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən məhsullara rüsumun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Sənəddə tətbiq edilən tarifin 10 faiz olacağı göstərilir. 

Buna qarşılıq olaraq fevralın 10-dan etibarən Çin Amerikadan gələn kömür və mayeləşdirilmiş təbii qaza 15%, xam neft, kənd təsərrüfatı maşınları, irihəcmli avtomobillər və yük maşınlarına isə 10% əlavə tarif tətbiq edəcək.

Töhfə Səməd

tag: ABŞ,Çin,Azərbaycan,iqtisadiyyat,todaypress.az,

photo