Çində elektronikanın alışına subsidiyalar tətbiq olundu, "iPhone" ucuzlaşdı
İqtisadiyyat
20.01.2025 19:43
Çində hökumətin 2025-ci il yanvarın 20-dən qüvvəyə minən elektronika subsidiya proqramı artıq smartfonların, o cümlədən "iPhone" modellərinin qiymətlərinin aşağı düşməsinə səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə "Gizmo China" məlumat yayıb.
Çin hökuməti qiyməti 6000 yuana (təxminən 820 dollar) qədər olan cihazlara pərakəndə endirimdən sonra məhsulun qiymətinin 15%-i qədər endirim edir. Maksimum subsidiya məbləği məhsul başına 500 yuan (təxminən 68 dollar) təşkil edir. Subsidiya yalnız birdəfəlikdir.
Proqramın başlaması ərəfəsində smartfon satıcıları Çində qiymətləri düzəldiblər. Belə ki, "iPhone 16 Plus"ın qiyməti 6999 yuandan (956 dollar) 5999 yuana (820 dollar) düşüb ki, bu da onun subsidiya proqramına düşməsinə şərait yaradıb. "iPhone 16" bir sıra saytlarda təxminən 4999 yuana (683 dollar) satılacaq və subsidiyalardan sonra onun qiyməti təxminən 4499 yuan (615 dollar) olacaq.
"Xiaomi" də yeni proqramın imkanlarından fəal şəkildə istifadə edir. Subsidiyalardan sonra "Redmi Turbo 4" və "K80" flaqman modelləri indi 1699 yuandan (232 dollar) əldə edilə bilər.
Subsidiya proqramının Çində istehlak tələbini stimullaşdıracağı, rəqəmsal elektronikanın satışını artıracağı və komponent təchizatçıları da daxil olmaqla bütün sənaye üçün yeni imkanlar yaradacağı gözlənilir.
Töhfə Səməd
tag: Çin,iPhone,Subsidiya ,Xiaomi,todaypress.az,