“Caspian Energy Club”ın yeni İdarə Heyətinin ilk iclası keçirildi
Ənənəyə uyğun olaraq, hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü “Caspian Energy Club”ın İdarə Heyətinin üzvlərinin seçkiləri keçirilir. 12-14 mart tarixlərində keçirilən seçkilərdə 1560 səs verilib, onlardan 1410 səs anket formatında, 150 səs isə onlayn şəkildə qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə "Caspian Energy Club"ın İdarə Heyəti seçkilərinin Təşkilat Komitəsinin sədri Rasim Mahmudov məlumat verib.
Seçkilərin nəticələrinə əsasən, "Caspian Energy Club"ın İdarə Heyətinin sədri vəzifəsinə Telman Əliyev 31,67% səslə seçilib. Yeni İdarə Heyətinə həmçinin Fariz Sultan-Əhmədi ("By Mygroup Holding") 8,91%, İlqar Nuri ("Veysəloğlu") 8,08%, Natiq Paşayev ("Caspel") 7,44%, Valeh Məhərrəmov ("Canon Azərbaycan") 7,24%, Şəhla Axundova ("ERP SYSTEMS") 6,79%, Rəşad Abasov (ASE şirkətlər qrupu) 6,73%, Əsəd Nəsrullayev ("Debet Safety") 6,54%, Anar Ağayev ("Food City Agrocomplex") 5,45% və Rəşad Hüseynli (“SOCAR-Uniper” LLC) 5,06% səslə daxil olublar. İdarə Heyətinin seçilməsindən dərhal sonra 18 mart tarixində "Caspian Energy Club"ın ilk iclası keçirilib. İclasda təşkilatın növbəti il üçün fəaliyyət strategiyası və həm qısa, həm də uzunmüddətli hədəfləri müzakirə edilib. Həmçinin yeni İdarə Heyətinin ilk iclası çərçivəsində komitələrin, işçi qrupların rəhbərlərinin və regional nümayədlərin təyinat proseduru da
müzakirə edilib. İdarə Heyətinin üzvləri habelə "Caspian Energy Club" tərəfindən 5-7 il ərzində Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) idarəolunması mövzusunu ətraflı müzakirə ediblər. Müzakirə nəticəsində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən şirkət və müəssisələri birləşdirən vahid MİLLİ.BİZ işqüzar platformasının yaradılması haqqında qərar alınıb. MİLLİ.BİZ platformasının sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara çıxarmasına və rəqabət qabiliyyətini artırmasına dəstək olmaq; dövlət qurumları və yerli hökumət nümayəndələri ilə əlaqələri gücləndirmək; qadın sahibkarları, kiçik və orta biznesi inkişaf etdirmək və maarifləndirmək; sahibkarlar üçün maliyyə əlçatanlığını artırmaq, treninqlər və təlimlər təşkil etmək; müəssisələrin avtomatlaşdırılması və innovativ texnologiyaların tətbiqinə dəstək vermək; xarici investorların regionlara səfərlərini təşkil etmək; startapların və gənc sahibkarların inkişafına kömək etmək; kadr hazırlığını və ixtisasartırmanı təşviq etmək; sahibkarların mövqeyini hökumət və Milli Məclis nümayəndələrinə çatdırmaq əsas hədəfləridir. İdarə Heyətinin üzvləri seçkilərin şəffaf və uğurlu şəkildə keçirilməsinə dəstək göstərən "Caspian Energy Club"ın İdarə Heyətinin seçkilərinin Təşkilat Komitəsinin sədri Rasim Mahmudova, “FCHAIN Corporation” şirkətinə və “Caspian Energy Club”ın İdarə Heyəti seçkilərinin Müşahidə Komisiyasının sədri Valid Hüseynova xüsusi təşəkkürünü bildiriblər.
tag: Caspian Energy Club,İdarə Heyəti,Seçki,Anket,todaypress.az,