“Biznesə daxilolma” işçi qrupunun iclası keçirildi
İqtisadiyyat
24.10.2024 17:55
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun iclası keçirilib.
TodayPress xəbər verir ki, tədbirdə işçi qrupun üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva diqqətə çatdırıb ki, Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin təsisçilərinin xarici fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, elektron qaydada dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar yaradılıb. Onun sözlərinə görə, xarici hüquqi şəxslərin qeydiyyat prosesi tamamilə yerli hüquqi şəxslərin qeydiyyat proseduruna uyğunlaşdırılıb və bu sahədə mövcud fərqlər aradan qaldırılıb. Bundan başqa, bildirilib ki, bu ilin sonundan etibarən, Dünya Bankının “Business Ready” hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlanacaq.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev isə bildirib ki, Azərbaycanın “Business Ready” hesabatına 2025-ci ilin sentyabrında daxil ediləcəyi gözlənilir.
O, Dünya Bankı Qrupunun yeni “Business Ready” hesabatının metodologiyası və qarşıda duran prioritetlər barədə məlumat verib. Qeyd edib ki, hesabat dünya ölkələrində biznes mühitini özəl sektorun inkişafı kontekstində qiymətləndirir.
Vüsal Şıxəliyev bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə əsaslandığını diqqətə çatdırıb.
Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq məsələləri üzrə şöbəsinin müdiri Anar Məmmədov isə qeyd edib ki, Azərbaycanda "Konsul leqallaşdırılması" informasiya sisteminin təsdiq edilməsi haqqında fərman layihəsi hazırlanıb. Onun sözlərinə görə, "Konsul leqallaşdırılması" informasiya sisteminin yaradılmasının məqsədi bu sahədə prosesin rəqəmsallaşdırılmasıdır.
Qeyd edək ki, bu ilin oktyabr ayında 50 ölkənin daxil olduğu yeni hesabatın ilk buraxılışı dərc edilib. Bu hesabat dərci dayandırılmış "Doing Business" hesabatını əvəz edəcək və gələn ildən daha çox ölkə iqtisadiyyatların əhatə olunacağı gözlənilir. “Business Ready” hesabatı, şirkətlərin fəaliyyətinin başlanması, davam etdirilməsi, bağlanması və ya yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazar rəqabəti, mübahisələrin həlli və müflisləşmə.
Töhfə Səməd
tag: Biznes,Business Ready,Samirə Musayeva, İclas,Vergi Xidməti, todaypress.az,