Bitkoinin qiyməti tarixi rekordu yenilədi
İqtisadiyyat
05.12.2024 13:24
Bitkoinin məzənnəsi rekordunu yeniləyərək tarixdə ilk dəfə 100 min dollar həddini keçib.
TodayPress xəbər verir ki, günün əvvəlində bitkoinin dəyəri yüksək sıçrayışla 103 min 387 dollara çatıb. Hazırda “Binance” platformasında kriptovalyutanın qiyməti 101 min dollar ətrafında sabitləşib. Analitiklərin fikrincə, bu, kriptovalyuta bazarının inkişafında yeni mərhələ açır.
Qiymət artımında əsas amil kriptovalyutaya inflyasiyadan qorunma vasitəsi və qızıl kimi ənənəvi aktivlərə alternativ kimi baxan böyük şirkətlərin və institusional sərmayəçilərin bitkoinə marağının artmasıdır.
İqtisadi qeyri-sabitlik kriptovalyutanın qiymətinə təsir edən ikinci ən böyük amildir. Valyuta məzənnəsinin tez-tez dəyişməsi və qlobal inflyasiya sərmayədarları kapitallarını qorumaq üçün alternativ aktivlər axtarmağa vadar edib. Əvvəllər belə vəziyyətlərdə əsas seçim ənənəvi olaraq qızıl olub. Lakin kriptovalyuta texnologiyalarının inkişafı və bitkoinin artan populyarlığı səbəbindən sərmayədarlar onları alternativ vasitə kimi nəzərdən keçirməyə başlayıblar.
Üçüncü amil tənzimləyici dəyişikliklərdir. 2024-cü ildə bir çox ölkə kriptovalyutalar üçün aydın hüquqi çərçivələr hazırlamağa başladı ki, bu da bazara inamı artırdı.
Qeyd edək ki, bitkoin uzunmüddətli reputasiyasına və likvidliyinə görə ən populyar kriptovalyuta olaraq qalır. Onun orta gündəlik ticarət həcmi 111,19 milyard dollara, maksimum bazar kapitallaşması isə 2,05 trilyon dollara çatır.
Analitiklər artan institusional tələb və blokçeyn texnologiyalarının real iqtisadiyyata inteqrasiyası fonunda məzənnənin daha da artacağını gözləyirlər.
tag: Reputasiya, Bitkoin, Rekord ,İqtisadiyyat ,todaypress.az,