Bakıda Qazaxıstanın ticarət pavilyonunun açılışı oldu

İqtisadiyyat

28.04.2025 10:33

24

Bakıda Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Türk Ticarət Mərkəzində Qazaxıstanın ticarət pavilyonunun təntənəli açılışı keçirilib. 

Bu barədə Todaypress-ə Səfirlikdən məlumat verilib.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Qırğızıstanın və Türkmənistanın səfirləri, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sədri Orxan Məmmədov, Qazaxıstan-Azərbaycan Biznes Şurasının Həmsədri Dauren Bimov, Türk Ticarət Mərkəzinin Direktoru Yılmaz Okuklu, parlament üzvləri və jurnalistlər iştirak ediblər. 

“Bu gün qlobal geosiyasi və geoiqtisadi transformasiya şəraitində regionumuzun rolunun necə artdığını müşahidə edirik. Türk dünyası beynəlxalq arenada mühüm oyunçu ola bilər və olmalıdır. Təbii ki, istənilən ittifaq, istənilən inteqrasiya möhkəm iqtisadi baza üzərində qurulmalıdır. Bu mənada belə təşəbbüslərin olması sevindiricidir. Üstəlik, bu təşəbbüslər aşağıdan yuxarıya doğru – daha çox iş adamlarımızın təklifi və müvafiq qurumlarımızın dəstəyi ilə həyata keçirilir” deyə Səfir A. Bayel öz çıxışında qeyd edib. 

Türk Ticarət Mərkəzi Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin sahibkarlarına öz məhsullarını təqdim etmək, biznes əlaqələri qurmaq və beynəlxalq bazarlara çıxmaq üçün daimi platforma təqdim edir. Pavilyonlar milli məhsulların, sənətkarlıq nümunələrinin və TDT ölkələrinin mətbəx nümunələrinin nümayiş etdirildiyi mədəni və ticarət məkanlarıdır. Xüsusi diqqət hər bir ölkənin mədəniyyətini əks etdirən ənənəvi dizayna və ab-havaya yetirilib. 

O. Məmmədov belə ticarət platformalarının türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı, mal və xidmət mübadiləsi üçün əhəmiyyətini vurğulayıb.

İş adamı D. Bimov bu təşəbbüsün yaratdığı imkanlara diqqət çəkərək bildirib ki, sahibkarların qarşılaşdığı bir çox maneələrin ticarət pavilyonları vasitəsilə aradan qaldırılması mümkündür. 

Tədbir çərçivəsində milli üslubda bəzədilmiş yurtlar nümayiş etdirilib və türk xalqlarının ənənəvi yeməkləri təqdim olunub. 

Bundan əlavə, tədbir çərçivəsində böyük qazax bəstəkarı Nurgisa Tlendiyevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib və qazaxıstanlı tələbələrin ifasında əsərlər təqdim olunub.

tag: Bakı,Qazaxıstan,Ticarət,Pavilyon,Todaypress.az,

photo
photo
photo
photo