Bakıda Milli Biznesin İnkişafı Forumu başlayır
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası apreldən etibarən Bakı və Azərbaycanın müxtəlif regionlarında Milli Biznesin İnkişafı Forumlarını təşkil etməyə başlayır. Bu forumlar ölkə biznesinin inkişafına dəstək olmaq məqsədilə müxtəlif mövzularda keçiriləcək və dövlət qurumları ilə biznes sahəsinin rəhbərlərinin iştirakı ilə baş tutacaq.
TodayPress xəbər verir ki, bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Forumların əsas məqsədi hökumət və biznes arasında dialoqu inkişaf etdirmək, kommunikasiyanı genişləndirmək və ölkə iqtisadiyyatının müxtəlif sahələrindəki təklifləri müzakirə etməkdir. B2G formatında təşkil olunacaq forumlar həmçinin biznes sahəsinin müxtəlif təbəqələrinin qarşılıqlı əlaqəsini gücləndirəcək. Hökumət nümayəndələri öz mesajlarını bu platforma vasitəsilə sahibkarlara çatdıracaq, eyni zamanda sahibkarların təklifləri, sualları və onları narahat edən mövzular müzakirə ediləcək.
Milli Biznesin İnkişafı Forumunun ilk iki sessiyası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun çərçivəsində təşkil olunacaq və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçiriləcək. Milli Biznesin İnkişafı Forumunun 16 aprel tarixində baş tutacaq ilk sessiyası Azərbaycanın aparıcı dövlət qurumlarının rəhbərlərini, o cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, Azərbaycan Hava Yolları QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və digər müvafiq qurumların rəhbərlərini bir araya toplayacaq.
29 aprel tarixində keçiriləcək ikinci xüsusi sessiya isə kommunal xidmətlərin inkişafına həsr olunacaq. Bu sessiyada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərişıq ASC və “Azəriqaz” İB-nin rəhbərləri iştirak edərək sahibkarların suallarını cavablandıracaq, təkliflərini dinləyəcək və onları müzakirə edəcəklər. Davos formatında aparılacaq müzakirələr əsnasında iştirakçılar üçün interaktiv dialoq şəraiti yaradılacaq.
Telman Əliyev Azərbaycanda fəaliyyət göstərən sahibkarları Milli Biznesin İnkişafı Forumlarında fəal iştirak etməyə və öz təklif və suallarını hökumət nümayəndələri ilə birbaşa müzakirə etməyə dəvət edib.
"Milli Biznesin İnkişafı Forumu ölkənin biznes mühitinin daha da güclənməsi və dövlətlə biznes arasındakı əlaqələrin inkişafı baxımından əhəmiyyətli bir addımdır" deyə Telman Əliyev əlavə edib.
tag: Caspian Energy Club,Azərbaycan Milli Biznes Assosiasiyası,B2G ,todaypress.az,
