Bakıda Azərbaycan Ticarət Forumu keçirildi
İqtisadiyyat
07.10.2024 14:15
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan Ticarət Forumu keçirilib.
TodayPress xəbər verir ki, “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunan forumda rəsmi şəxslərin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyət və imkanlar, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev bildirib ki, yeni çağırışlara cavab olaraq gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intelekt əsaslı layihələrin tətbiqi prioritet məsələlərdən biridir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə ticarət sektorunda KOB-ların üstünlüyündən söz açıb. “2018-2022-ci illərdə KOB-ların sayı 60 faizdən çox artıb. Ticarət sektoru isə həm kəmiyyət, həm də həcm baxımından KOB subyektlərinin geniş təmsil olunduğu sahədir. Təkcə ötən ilin nəticələrinə nəzər yetirsək görərik ki, KOB-ların qeyri-neft ixracındakı payı 28 faiz olub” deyə Orxan Məmmədov bildirib.
Bu ilin dekabrında Azərbaycanda Gömrük Forumunun keçiriləcəyini diqqətə çatdıran Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılının sözlərinə görə, Azərbaycanda 27 milyard manat təşkil edən ümumi kredit portfelinin 4 milyard manatı və ya 14 %-i ticarət sektorunun payına düşür. Odur ki, bu sahə əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
Forumda ticarət və investisiya imkanları, Azərbaycanın qlobal bazarlara inteqrasiyasının sürətləndirilməsi yolları, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, sahibkarların sualları cavablandırılıb.
Töhfə Səməd
tag: Azərbaycan ,Gömrük ,Ziya Hacılı ,İqtisadiyyat ,KOB,Ticarət ,todaypress.az,