Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olundu
AZCON Holding-in tərkibində fəaliyyət göstərən Bakı metropolitenində “Metro İstanbul”un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Bu barədə Bakı Metropoliteni QSC-dən TodayPress-ə verilən məlumata görə görüşün əsas məqsədi iki metropoliten arasında davamlı əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyalar və rəqəmsal həllər sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Müzakirələrdə data əsaslı qərarvermə yanaşmaları (data-driven decision making), data analitikası, eləcə də real vaxt məlumatlarının işlənməsi imkanları xüsusilə diqqət mərkəzində olub.
Rəqəmsal texnologiyaların nəqliyyat sistemlərində tətbiqi, sərnişin axınının yönləndirilməsi və dispetçer idarəetməsində innovativ həllər kimi sahələr üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər İstanbul metrosunun son illərdəki inkişaf təcrübəsi və Azərbaycanın 2025-2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı kontekstində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.
Həmçinin nümayəndə heyəti, Bakı metropoliteninin müxtəlif sahələrində olaraq əməliyyat prosesləri ilə yerində tanış olublar.
tag: Metropoliten,Metro İstanbul,Əməkdaşlıq,Müzakirə,Todaypress.az,

