Azərbaycanın xarici ticarət dövriyyəsi AÇIQLANDI

İqtisadiyyat

06.05.2025 12:08

10

“Bu ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 211 milyon dollar olub”. 

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

O qeyd edib ki, dövriyyənin 4 milyard 73 milyon dolları ixracın, 4 milyard 138 milyon dolları isə idxalın payına düşüb:

“Bu o deməkdir ki, xarici ticarət dövriyyəsinin 49.6 faizini ixrac, 50.4 faizini isə idxal təşkil edib. Yəni, sözügedən müddətdə idxal ixracatı üstələyib. İdxalın ölkədən valyuta apardığını, ixracın isə pul gətirdiyini nəzərə alsaq xarici ticarət balansında mənfi saldo arzuolunan hesab olunmur”.

Deputatın sözlərinə görə, ölkəyə qızıl idxalı xarici ticarət dövriyyəsinə təsir göstərməsə də, həmin müddətdə bir çox məhsulun idxalı artıb:

“Buğda idxalı 39,1 %, kərə yağı, digər süd yağları və pastaları – 79,8 %, xam şəkər – 86,8 %, çay – 72,9 %, kartof – 0,2 %, minik avtomobilləri – 27,3 %, polad prokatı   – 30,2 %, qara metallardan çubuqlar – 2,7 dəfə, rezin şinlər – 19,2 %, yük avtomobilləri – 6,9 %, polietilen – 13,3 %, avtobuslar – 4,4 dəfə, polipropilen – 11,2 % artıb”. 

V. Bayramov vurğulayıb ki, müqayisəli olaraq idxalın artımında ərzaq məhsullarının daha çox gətirilməsi xüsusi çəkiyə malik olub.

O, işğaldan azad olunan ərazilərimizdə müasir standartlara uyğun texnoloji tələbin də idxala təsirsiz ötüşmədiyinə diqqət çəkib. Həmçinin əlavə edib ki, Azərbaycan həmin müddətdə 138 ölkədən məhsul idxal edib. 

“Yüksək idxal valyuta tələbi də yaradır. Aydındır ki, məhsul idxalı xarici valyuta ilə mümkündür və bu da tələbə təsir göstərir. Digər tərəfdən, xüsusən ərzaq məhsullarının idxalının artması ərzaq təminatı və eləcə də istehlak bazarında qiymət tarazlığı baxımdan da arzuolunan hesab edilmir. Bu kontekstdən, 2025-ci ildə idxalın optimallaşdırılması əsas prioritetlərdən hesab edilə bilər. İxracatın daha çox artırılmasına nail olunması real sektorun daha da inkişafı, ölkəyə daha çox valyutanın daxil olması baxımından da vacib faktorlardan hesab olunur” deyə deputat bildirib. 

Qiymət Mahir

tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,Ticarət Dövriyyəsi,Todaypress.az,

photo