Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq
İqtisadiyyat
31.01.2025 22:45
31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Şuradan TodayPress-ə verilən xəbərə görə, iclasda bir sıra məsələlərə baxılıb.
İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.
Müsabiqələrə buraxılmış 5 iddiaçı
arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - "Pro Media Group" MMC (radio
kanalın adı: "Planet FM") və "Broadcast
Media" MMC (radio kanalın adı: "Dalğa FM")
qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib. Qərarlara əsasən
ilkin mərhələdə "Bakı Teleqüllə Kompleksi"ndən 88.7 MHs radiotezliyi
"Pro Media Group" MMC-nin, 92.5 MHs radiotezliyi isə "Broadcast
Media" MMC-nin istifadəsinə ayrılıb.
Daha sonra audiovizual media
fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son
müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən "İdeal TVNet" MMC-yə
(operator xidmət adı: "İdealnet") sadə platforma operatoru, "Azeuronet" MMC-yə
(operator xidmət adı: "Azeuronet") universal platforma operatoru, "TV1 Media" MMC-yə
peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının
adı: "TV1") lisenziyaları verilib.
İclasın sonunda lisenziya
sahiblərinin müraciətləri əsasında "Beeonline" ASC-yə, "Global
Technology" MMC-yə və "Qafqaznet" MMC-yə verilmiş universal
platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar
qəbul olunub.
tag: Radio, Yayım, Şura, Audiovizual, todaypress.az,