Azərbaycanda ətin qiyməti bahalaşdı - AÇIQLAMA

İqtisadiyyat

21.08.2024 17:40

Bölgələrdə son günlər mal və quzu ətinin qiyməti digər aylara nisbətən bahalaşdığı müşahidə edilir.

TodayPress xəbər verir ki, son bir həftədə qoyun və mal ətinin qiymətində 4-5 manat artım qeydə alınıb. Əvvəl mal ətinin bir kiloqramı 12 manata təklif olunurdusa, indi 17 manata yüksəlib. Həmçinin əvvəlki aylarda 15 manata satılan qoyun ətinin qiyməti hazırda 20 manat olub. 

Mövzu ilə bağlı TodayPress-ə danışan iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, ətin qiymətinin bahalaşmasına səbəb saxlanılan heyvanların sayının azalmasıdır.

“Bundan əlavə əhalinin ətə olan təlabatının artması da qiymət bahalaşmasına gətirib çıxarır. Yay ayları olduğu üçün insanlar məişətdə, istirahət zonalarında ətdən daha çox istifadə edirlər. Digər tərəfdən heyvanın saxlama xərcləri artıb, təbii otlaq sahələri azalıb, eyni zamanda otun qiyməti də bahalaşıb. Bütün bunlar qiymət artımına təsir edən amillərdir”.

Xalid Kərimli gənclərin bu sahəyə marağının azaldığına da diqqət çəkib. Onun fikrincə, gənclərin bölgələrdən şəhərə və ya xarici ölkələrə üz tutması bu sahənin durğunluğuna gətirib çıxarıb.

Aytac Müşfiq

tag: Azərbaycan, Ət, Qiymət, Artım,

photo