Azərbaycanda benzinin qiyməti bahalaşdı
İqtisadiyyat
30.06.2024 20:52
Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.
TodayPress xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.
Aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin
qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat
növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda
yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin
yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və
modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır.
Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının
və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış
qiymətlərinin artırılmasını zəruri edir.
Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.
Aİ-92 markalı
avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq
1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik
artırılaraq 1 manat müəyyən edilib.
Dizel yanacağından
istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin
istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi
azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin
etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz
(CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son
illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı
artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat
vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq.
Yumşaq tarif keçidinə
baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə,
əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata
keçiriləcəkdir.
Tarif dəyişikliyindən
sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə
satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq
Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə
görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya
səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid
mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa
İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla
(e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı
və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.
Dayanıqlı inkişafı
hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə
uyğunlaşdırılır.
İclasda bərk məişət
tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.
Bərk məişət
tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin
mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin
yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə bərk məişət
tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət
büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı
xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl
sektorun marağını azaldır.
Bununla əlaqədar
olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət
tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə
texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni
tariflər aşağdakı kimi təsdiq edilib.
Bərk məişət
tullantılarının yığılması və daşınması xidməti üzrə:
Bakı şəhəri üzrə:
-Əhali qrupu üzrə - 1
nəfərə görə aylıq 1 manat (ƏDV daxil).
-Qeyri-əhali qrupu
üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).
-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil
verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün
16,40 manat.
Digər regionlar üzrə:
-Əhali qrupu üzrə - 1
nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).
-Qeyri-əhali qrupu
üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).
-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil
verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün
11,50 manat.
Hazırda bərk məişət
tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə
xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat
təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində
tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər
və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə
konteynerlər yerləşdirilmişdir.
Qeyd edək ki, əhali
istehlakçı qrupu tarifləri Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2
manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr
təşkil edir. Qeyri-əhali istehlakçı qrupu tarifləri isə Rusiyada 16-20
manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr,
Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir.
Yeni tarif
tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini
verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və
xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu
sahəyə marağını təşviq edəcək.
İclasda idxaldan
asılılığın aradan qaldırılması, rəqabət qabiliyyətli məhsulların ixracının
stimullaşdırılması üzrə dövlətin iqtisadi siyasəti nəzərə alınaraq,
ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisinin tarifi
tənzimlənib. Alüminium sənayesində olduğu kimi bu sahəyə də gecə və gündüz
tarifi tətbiq ediləcək.
Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin
qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması
məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin
2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və
Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş
Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik
forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal
ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman
vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az)
“Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək. (apa.az)
tag: İqtisadiyyat, benzin, Aİ-92, Məişət tullantıları, Tarif Şurası, todaypress.az,