Azərbaycan və BƏƏ bir sıra məsələlər haqqında müzakirələr apardı

İqtisadiyyat

03.02.2025 16:00

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Birgə İnvestisiya Fondu xətti ilə prioritet sahələrə sərmayə qoyuluşunu müzakirə edib.

TodayPress xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi ilə görüşündə aparılıb.

Görüşdə vurğulanıb ki, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətləri yüksələn xətlə inkişaf edir, iqtisadi-ticarət tərəfdaşlığı genişlənir. Ölkələr arasında ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində əməkdaşlığının gücləndirilməsi potensialı böyükdür.

Qeyd edək ki, 2023-cü ildə BƏƏ ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılıb.

tag: Azərbaycan ,BƏƏ,Birgə İnvestisiya Fondu,todaypress.az,