Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başladı
İqtisadiyyat
02.10.2024 17:05
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə təsis
edilən Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) açılış mərasimi olub.
TodayPress xəbər verir ki, tədbirdə qonaq
qismində dövlət qurumlarının nümayəndələri, yerli ekosistemin üzvləri və digər
tərəfdaş şirkətlərin təmsilçiləri iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Samir Məmmədov bildirib ki, startap ekosistemi sürətlə
inkişaf edən ölkələrdə AİM kimi innovasiya məkanları aparıcı rol oynayır:
“Hazırda
olduğumuz Azərbaycan İnnovasiya Mərkəzi sadəcə ofis məkanı deyil, böyük bir
ekosistem oyunçusudur. Burada startaplar inkubasiya və
akselerasiya proqramlarında iştirak edərək investorlarla görüşlər keçirmək, tərəfdaşlıq
yaratmaq və layihələrini təqdim etmək imkanı əldə edəcəklər”.
İRİA-nın İdarə Heyətinin sədri İnarə Vəliyeva
çıxışında bildirib ki, startaplar innovasiya ekosisteminin mərkəzində yer alır
və AİM kimi innovasiya məkanlarının yaradılması ölkə üçün böyük əhəmiyyət kəsb
edir:
“AİM həm Bakıda bir neçə məkanda, həm də
yaxın zamanlarda Sumqayıt və Gəncədə də fəaliyyətini genişləndirəcək. Bununla
da regionlarda yaşayan innovativ düşüncəli vətəndaşlarımız öz ideyalarını
reallaşdıra biləcəklər”.
Qeyd edək ki, Azərbaycan İnnovasiya Mərkəzi
texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu
oynayacaq. Bununla yanaşı, AİM daha çox beynəlxalq tərəfdaş və şirkət cəlb etməyi,
startaplar üçün dəstək proqramlarını genişləndirməyi və onların qlobal
bazarlara inteqrasiyasını təmin etməyi planlaşdırır. AİM-in hədəfi texnologiya
və innovasiyaların iqtisadiyyatda mühüm yer tutduğu güclü ekosistem oyunçusu
olmaqdır.
Günəş Mərd
tag: Bakı, Azərbaycan ,İnnovasiya Mərkəzi ,Startapçılar ,İnnovatorlar ,todaypress.az,