Azərbaycan dəniz külək enerjisi üzrə liderə çevrilə bilər - “BNE Intellinews”
Avropa biznes dairələrinin
“BNE Intellinews” (Business New Europe) nəşrində Azərbaycanda dəniz külək
enerjisinin inkişaf perspektivlərindən bəhs edən məqalə dərc olunub.
TodayPress xəbər verir ki, məqalədə 2022-ci ildə Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council – GWEC) Avstraliya, Şri-Lanka və Türkiyə kimi digər ölkələrlə yanaşı, Azərbaycanı da dəniz külək enerjisindən istifadə potensialına görə lider dördlüyə daxil etməsi qeyd olunur.
Nəşr yazır ki, həmin il
keçirilən Bakı Enerji Forumunda Azərbaycan dəniz külək enerjisinin inkişafı üzrə
yol xəritəsini təqdim edib. Azərbaycanın Energetika Nazirliyinin Beynəlxalq
Maliyyə Korporasiyası (IFC) və Dünya Bankı ilə birgə hazırladığı plan 2040-cı
ilədək Azərbaycanın Xəzər şelfində ümumi gücü 7,2 QVt olan dəniz külək
stansiyalarının quraşdırılmasını nəzərdə tutur. Bu məqsədlər Azərbaycanın
dekarbonizasiya və davamlı inkişaf sahəsində prioritetlərinə uyğundur. Dəniz
külək enerjisinin quraşdırılmış gücü ölkənin enerji təchizatının 37 faizini təmin
edə bilər. Bundan əlavə, Azərbaycanda dəniz külək enerjisi mülayim templə
inkişaf edərək 2040-cı ilədək quraşdırılmış gücünü 1,5 QVt-a çatdıracaq və 7 faiz
karbonsuz enerji istehsalına nail olacaq.
Məqalədə qeyd olunur ki, yol xəritəsində
dəniz külək enerjisinin potensialından istifadəyə dair tövsiyələr də var.
Bunlara 2030 və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 MVt gücündə
pilot layihənin və daha sonra daha böyük layihələrin işlənib hazırlanması, dənizdə
yeni külək enerjisi imkanlarının açılması, infrastrukturun təkmilləşdirilməsi,
maliyyə vəsaitlərinin cəlb edilməsi üçün qabaqcıl qlobal təcrübələrin tətbiqi və
dayanıqlı dəniz külək layihələri üzrə bir sıra tədbirləri həyata keçirmək məqsədilə
dövlət təşkilatlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması
daxildir.
Nəşr xüsusilə vurğulayır ki,
Azərbaycan yaşıl enerji və elektrik enerjisinin mühüm istehsalçısı, o cümlədən
ona ehtiyacı olan Avropanın tədarükçüsü olmağa çalışır. Energetika naziri Pərviz
Şahbazov COP28 çərçivəsində Dubaydakı Azərbaycan Milli Pavilyonunda ABŞ dövlət
katibinin enerji resursları üzrə köməkçisi Ceffri Payett ilə görüşdə bərpaolunan
mənbələrdən elektrik enerjisinin Avropaya ixracı üçün Xəzər dənizində
meqaistehsal müəssisələrinin yaradılacağını açıqlayıb.
Yazıda bildirilir ki, 2023-cü
ildə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşü və
Yaşıl Enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci görüşü zamanı Azərbaycanın
Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti
bir sıra sənədlər, o cümlədən gücü 1,5 QVt-a qədər olan dəniz külək enerjisi
layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalayıb. Bu ilin mayında isə
Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt
gücündə quruda külək elektrik stansiyasının tikintisi layihəsi üzrə Çərçivə
Sazişi imzalanıb.
Bu il keçirilən Bakı Enerji
Forumunda çıxış edən “ACWA Power” şirkətinin vitse-prezidenti və regional
direktoru Abid Malik Azərbaycanın bərpa olunan enerji baxımından böyük
perspektivə malik olduğunu bildirib. O vurğulayıb ki, siyasi cəhətdən sabit
region olması ilə yanaşı, Azərbaycan tranzit marşrutları və dəhlizlərinin
üstünlükləri baxımından da çox əlverişlidir və “ACWA Power” üçün əsas ölkədir.
Məqalədə qeyd olunur ki,
bunlar sadəcə sözlər deyil. Azərbaycan hökuməti yaşıl enerjiyə keçidi sürətləndirməyə
və bunu ən səmərəli şəkildə həyata keçirməyə sadiqdir. Dəniz külək enerjisi mədən
yanacaqlarına tələbatın labüd azalması fonunda ölkə üçün faydalıdır. Azərbaycan
bərpaolunan resurslardan istifadə etməklə, istehsal olunacaq enerjinin qlobal
ixracatçısına çevrilmək niyyətindədir.
“BNE Intellinews” vurğulayır
“İqtisadçılar hesab edirlər ki, bu potensial düzgün idarə olunarsa, xərclər
kifayət qədər tez geri qaytarılacaq. Biz də düşünürük ki, onlar səhv etmirlər”.
Məqalədə, həmçinin dəniz külək enerjisinin inkişafı üzrə, xüsusən də Türkiyə, Şimali Avropa ölkələri və ABŞ-da həyata keçirilən digər beynəlxalq layihələrdən bəhs olunur.
tag: “BNE Intellinews”, Dəniz külək enerjisi, Azərbaycan,ACWA Power, todaypress.az,