Azər Əmiraslanov: “Neft-qaz sektorunun məşğulluqda payı çox azdır”
İqtisadiyyat
19.12.2024 13:25
“Azərbaycanda əhalinin real gəlirlərini artırmaq üçün ölkədə makroiqtisadi siyasət və maliyyə sabitliyinin təmin edilməsi vacibdir”.
TodayPress xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Karyera İnkişaf Forumunda deyib.
Onun sözlərinə görə, effektiv iqtisadi siyasət olmadan sosial siyasətin uğurla həyata keçirilməsi çətindir. Bu, iqtisadi islahatların əsas hədəflərindən biridir və hökumətin prioritetləri arasında yer alır.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq strategiyasının inkişafı, əmək bazarının tənzimlənməsi və layiqli məşğulluğun təmin edilməsi sahəsində həyata keçirdiyi işlər müsbət nəticələr verib.
Dövlət-özəl tərəfdaşlıq iqtisadi inkişafda mühüm rol oynayır. Kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərən qurumların fəaliyyəti iqtisadi artıma və məşğulluğun təmin edilməsinə müsbət təsir göstərir.
Özəl sektorun təşəbbüskar fəaliyyəti dövlət tərəfindən dəstəklənməlidir. İşəgötürənlər konfederasiyasının iştirakı bu sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin bariz nümunəsidir”.
Komitə sədri Azərbaycanın iqtisadiyyatını şaxələndirməyin vacibliyini də vurğulayıb. O, qeyri-neft sektorunun, xüsusilə xidmət sahəsinin, ölkədə məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biri olduğunu bildirib:
"Ölkəmizin iqtisadi inkişaf prioritetləri davamlı və dayanıqlı iqtisadi artımı hədəfləyir. Neft-qaz sektorunun məşğulluqda payı çox azdır – cəmi 0,6 faiz təşkil edir. Bu səbəbdən qeyri-neft sektorunun inkişafı vacibdir”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil edilir.
Töhfə Səməd
tag: İqtisadi, Siyasət ,Strategiya, Sosial, Azər Əmiraslanov,