ABŞ-nin təcrid və təhdid siyasəti əks effekt verdi: Dünya bazarına yeni valyuta daxil olur?

İqtisadiyyat

03.12.2024 17:20

"Trampın BRICS-in öz valyutasını yaratmaqla bağlı narahatlığı əbəs deyil".

Bunu TodayPress-ə verdiyi açıqlamada iqtisadçı Elçin Rəşid deyib. 

Onun sözlərinə görə, BRICS ölkələri dünya iqtisadiyyatının, həmçinin ticarət dövriyəsinin böyük bir hissəsini təşkil edir. Buna görə də bu ölkələrin öz valyutalarını yaratmaları dolları ciddi təzyiq altına salacaq. 

"Bazara yeni və güclü valyutanın daxil olması, dolların böyük bir hissəsinin sıradan çıxması deməkdir. Bu da ABŞ iqtisadiyyatını çökdürə və dövləti ciddi problemlərlə üzbəüz qoya bilər. Ona görə də hazırda Trampın ətrafında olan ekspertlər, konsultantlar vəziyyəti izah edirlər və bunun qarşısını almaq üçün müəyyən təkliflər irəli sürürlər. Bu təkliflər arasında təhdidlər xüsusi yer tutur". 

Qeyd edək ki, ötən gün Respublikaçı Donald Tramp BRICS ölkələrini hədələyib. O, bildirib ki, onlar ya yeni BRICS valyutası yaratmayacaqlarına, ya da güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürməlidirlər. Əks halda 100% gömrük rüsumları ilə üzləşəcək və ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar.

Töhfə Səməd

tag: ABŞ, Tramp, İqtisadiyyat,Bazar, todaypress.az,

photo