70 min turisti qəbul etməyə hazırıq? Hotellərdə vəziyyət nə yerdədir? - ARAŞDIRMA
İqtisadiyyat
14.08.2024 15:44
BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri ciddi hazırlıq işləri görülməyə başlanılıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin yayımladığı məlumatlara əsasən 2022-ci ildə Bakı və Abşeron yarımadasındakı hotel və mehmanaxana tipli yerlərdə çarpayı yerlərinin sayı 25 minə yaxın olub. Maraqlıdır, gələn digər qonaqlar bəs harada gecələyəcəklər?
Mövzu ilə bağlı TodayPress-ə danışan turizm eksperti Samir Dübəndi bildirib ki, ilk növbədə turizm destinasiyasının mövcud imkanları, onun nə qədər qonağı gecələmə üçün qəbul edə bilməsi, o cümlədən nəqliyyat, qida xidmətləri, ümumi infrastruktur imkanları da nəzərə alınmalıdır:
“Hazırda mehmanxana (hotel) və bu tipli müəsissələrdə bir dəfəlik tutum 26 minə yaxındır. COP29-a qədər bir sıra hotel və digər yerləşdirmə məkanlarının da açılışı gözlənilir. Həmçinin Abşeron yarımadasında dəniz kənarı obyektlərin yerləşdirmə və qidalanma imkanlarından da istifadə olunacaq”.
Ekspert alternativ variantlara da üz tutmağı tövsiyyə etdi:
“Bizim hesablamarımıza görə, Bakı şəhərində mənzil, rezidensiya, qonaq evi, studiolar və s. qısa və uzun müddətli kirayə təklifləri çoxdur. Mərkəzdə isə 7 minə yaxın belə təklif var. Beynəlxalq aqreqatorlarda (booking.com, expedia.com, airbnb.com, ostrovok.ru və s.) bu kimi yerləşdirmə vasitələrinin ümumi sayı təxminən 2500-dür. Düşünürəm ki, BMT-nin mötəbər tədbirinə qədər daha çox təkliflər internet resurslarında öz yerini alacaq”.
Rəsmi məlumatlara istinadən COP29 tədbiri çərçivəsində ölkəmiz 70-80 min xarici qonağa ev sahibliyi edəcək. Qonaqlama ilə bağlı məsələ hələ ki, sual altındadır.
Xatırladaq ki, ötən il Dubayda keçirilən COP28 tədbirində rəsmi rəqəmlərə görə, 70 min xarici nümayəndə qeydiyyatdan keçib. Qeyri-rəsmi rəqəmlərə görə, bu tədbirə qatılanların sayı 100 mini ötüb.
Töhfə Səməd
tag: COP29,Bakı, Otel, BMT, Samir Dübəndi, todaypress.az,