13 ölkəni birləşdirən meqa layihədə Azərbaycanın rolu - Açıqlama

İqtisadiyyat

24.07.2024 09:57

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi hazırda Avropanı Asiyaya birləşdirən əsas dəhlizlərdən biridir. SSRİ vaxtından əsası qoyulan bu layihə ölkələr arasında iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafına yönəlmişdi. Lakin sovetlərlə Qərb arasında olan münaqişə bu dəhlizi geri plana atdı və təxirə saldı”. 

Bu sözləri TodayPress-ə danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. 

Onun sözlərinə görə, hazırda 13 ölkənin iştirak etdiyi layihənin perspektivləri olduqca yüksəkdir. Əsas aparıcı ölkələr sözsüz ki, İran, Azərbaycan, Hindistan və Rusiyadır. Lakin dəhlizin əsas problemi yetərli infrastrukturun olmamasıdır. Ölkə başçısı da məhz bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycan öz öhdəliyinə düşən işlərin böyük hissəsini görüb və bundan sonra da əlindən gələni etməyə hazırdır. 

“Dəhlizin reallaşmasında əsas maneə Rusiya və İrana qarşı olan sanksiyalardır. İran öz ərazisində lazımi infrastrukturu qura bilməyib. Buna görə də Rusiya tərəfindən bir neçə il öncə 1.6 milyard dollarlıq vəsait ayrılmışdı. Lakin hələ də işlər yarımçıq qalıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində olan ölkələr arasında Azərbaycan tərəfi infrastrukturu ən yüksək səviyyəyə gətirmiş dövlətdir. Çünki rəsmi Bakının buna gücü və imkanı var” deyə o, sözlərinə davam edib.  

İqtisadçı əlavə edib ki, bu dəhlizinin imkanları, strateji əhəmiyyəti və potensialı çox böyükdür. Lakin Qərb tərəfi layihənin tam gücü ilə işə düşməsini istəmir. Ona görə ki, dəhliz birbaşa olaraq İran və Rusiyanı gücləndirəcək. 

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunur. Nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması isə bu müddətin iki dəfə azalmasına gətirib çıxaracaq.  

Töhfə Səməd

tag: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Azərbaycan, İqtisadiyyat, Rusiya, İran, todaypress.az,

photo