“Tesla Model Y”yə yeni rəqib
“Xiaomi” şirkətinin yeni elektrikli krossover modeli “Xiaomi YU7”in batareya ömrü və texniki göstəriciləri açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yeni model medianın böyük marağına səbəb olub və potensial olaraq “Tesla Model Y”ni bazarda sıxışdırmağa qadirdir.
“Xiaomi YU7” həm arxa təkərli, həm də iki mühərrikli tam ötürücülü variantlarla təklif olunacaq. Arxa ötürücülü modelin batareya ehtiyatı ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb. Lakin tam ötürücülü versiyanın 670 km, 750 km və 760 km məsafə qət edə biləcək üç müxtəlif modifikasiyada təqdim ediləcəyi bildirilir. Bu göstəricilər Çin CLTC sınaq dövrü üzrə müəyyən edilib. “Tesla Model Y”nin ən son versiyasının isə sınaq dövrü üzrə maksimal yürüş məsafəsi 719 km-dir.
Qeyd edək ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasında “Xiaomi YU7”nin ölçüləri də dərc olunub. Göstəricilər təsdiqləyir ki, “YU7” “Tesla Model Y”dən daha böyük olacaq – uzunluğu 4999 mm (“Model Y”də 4797 mm) və təkər bazası 2890 mm (“Model Y”də 2780 mm). Bu da “YU7”ə sərnişinlər və yük üçün daha geniş daxili məkan təqdim etmək üstünlüyü qazandırır.
“Xiaomi YU7”in satış qiymətinə gəlincə, Çin mediası avtomobilin “Tesla Model Y”dən daha sərfəli qiymətə təklif olunacağını bildirir.
Qiymət Mahir
tag: Çin,Xiaomi,Tesla,Rəqib,todaypress.az,