Süni intellekt modelləri “yaşlandıqca” zəifləyir

İKT

18.02.2025 11:35

1924

İsrail və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu süni intellekt (AI) əsaslı böyük dil modellərinin zamanla idrak qabiliyyətlərinin zəiflədiyini sübut edib.

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “BMJ” elmi jurnalında dərc olunub.

Mütəxəssislər ChatGPT, Gemini və digər məşhur çat-botlarını Monreal İdrak Qiymətləndirmə Testi (MoCA) vasitəsilə sınaqdan keçiriblər. Bu test adətən azheimer və demensiya kimi idrak pozğunluqlarını müəyyən etmək üçün insanlarda istifadə olunur. O, diqqət, yaddaş, dil bacarıqları, vizual qavrayış və icra funksiyalarını yoxlamaq üçün nəzərdə tutulub.

Nəticələr göstərib ki, neyron şəbəkələri bəzi tapşırıqları, məsələn, obyektləri adlandırmaq və ya dil tapşırıqlarını yerinə yetirməkdə yaxşı nəticə göstərsələr də, vizual və məkan təhlili, eləcə də gecikmiş yaddaş sahələrində çətinlik çəkirlər.

Məsələn, ChatGPT-nin son versiyası (GPT-4) 30 mümkün baldan 26 bal toplayaraq insan normativinə uyğun nəticə göstərib. Lakin Gemini 1.0 kimi köhnə versiyalar cəmi 16 bal toplayıb, bu da idrak geriləməsi ehtimalını ortaya qoyur.

Alimlər qeyd edirlər ki, bu nəticələr müşahidə xarakterlidir və insan beyni ilə süni intellekt arasında birbaşa müqayisə aparmaq düzgün deyil. Bununla belə, vizual analiz və qərar qəbuletmə sahəsindəki zəifliklər süni intellektin kliniki tibbdə geniş tətbiqini ləngidə bilər.

“Tədqiqatımız süni intellektin yaxın gələcəkdə həkimləri əvəz edəcəyi barədə fərziyyələri şübhə altına alır. İdrak zəifliyi pasiyentlərin etibarını sarsıda və onun tibbdə tətbiqini məhdudlaşdıra bilər” deyə alimlər bildirib.

Qiymət Mahir

tag: AI,Süni intellekt,ChatGPT,Tədqiqat,todaypress.az,