"Starlink" Azərbaycanda: Qiymət vətəndaşları qane edəcək?
“Azərbaycanda "SpaceX" şirkətinin peyk internet xidməti olan "Starlink"in avadanlıqları və aylıq abunə haqqı baha olduğu üçün digər internet provayderləri ilə müqayisədə daha az əlçatan olacaq”.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin (AİKTSA) sədri Elvin Abbasov bunu TodayPress-ə danışarkən bildirib.
Ekspert diqqətə çatdırıb ki, "Starlink"in istifadəsi üçün müxtəlif qurğular tələb olunur. Ev üçün çanaq formasında antenalar, səyahət üçün daha kiçik formatda cihazlar, bizneslər üçün isə xüsusi "Kit" modemlər mövcuddur. Mütəxəssis hesab edir ki, ölkəmizdə fiberoptik və GSM operatorlarının fəaliyyətində problemlər yarandıqca peyk interneti alternativ həll yolu ola bilər.
“Şirkət bir çox araşdırmalardan sonra Azərbaycanda bu xidmətə başlayıb. "Starlink" turizm sahələri üçün çox əlverişli olacaq. Dağ gəzintiləri, ucqar rayonlara səyahət zamanı rahatlıqla istifadə etmək olar. Həmçinin bölgələrdə aqropark, heyvandarlıq kimi müxtəlif kənd təsərrüfatı biznesləri, o cümlədən dənizdə çalışanlar və dəniz səyahətini sevənlər internet problemi ilə qarşılaşmayacaq”.
Eyni zamanda ekspertin qənaətincə, “Starlink” internet xidməti bazar rəqabəti ilə müqayisə olunmamalıdır:
“Bazardakı internet xidmətlərinin özünün təyinatı var və onlar bir-birilərinə rəqibdirlər. “Starlink” “Amazon”un yaratdığı peyk interneti texnologiyaları ilə rəqib ola bilər. Peyk internetinin fiberoptik internetlə rəqib olmaq variantı yoxdur”.
Qeyd edək ki, Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri istifadəyə verilib. Xidmətə qoşulmaq üçün istifadə ediləcək “Starlink Standard Kit” modeminin qiyməti 670 manat, çatdırılması 50 manat, internetin aylıq qiyməti isə 100 manatdır.
Türkan İsgəndər
tag: Elvin Abbasov,Ekspert,Starlink,Azərbaycan,Qiymətlər,Todaypress.az,
