Sovet domeni ləğv edilir

İKT

13.03.2025 11:30

1362

Beynəlxalq qeyri-kommersiya təşkilatı ICANN 2030-cu ilə qədər keçmiş Sovet İttifaqını təmsil edən ".su" domenini mərhələli şəkildə ləğv etməyi planlaşdırdığını rəsmən elan edib.   

TodayPress xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. 

Bildirilib ki, bu günə qədər ".su" ilə 100 minə yaxın domen adı qeydiyyatdan keçib və hələ də yeni qeydiyyatlar üçün əlçatandır.

Bununla belə, 2022-ci ildə təsdiq edilmiş ICANN siyasəti "ISO 3166-1" standartından kənarda qalan ölkələrə aid ölkə kodu yüksək səviyyəli domenlərin istismardan çıxarılmasını nəzərdə tutur.

Bu proses adətən 5 il çəkir və Ölkə Kod Adlarını Dəstəkləyən Təşkilat (ccNSO) ilə razılaşmaya əsasən daha 5 il də uzadılması mümkündür. 

Qeyd edək ki, 1992-ci ildə "ISO 3166-1" standartından çıxarılan ".su" domeni əvvəllər aydın siyasətin olmaması səbəbindən aktiv olaraq qalırdı. Yeni strategiyanın təsdiqindən sonra ICANN domenin mərhələli şəkildə ləğvini həyata keçirməyə başladı.

Qarşıdan gələn qərar ICANN ictimai bildiriş verdikdə rəsmiləşəcək və domenin son deaktivasiyasına beş illik geri sayım başlayacaq. Bu, təxminən 2030-cu ilə təsadüf edir.   

Töhfə Səməd

tag: Sovet,Domen,Ləğv,Elan,Todaypress.az,