Səsdən sürətli təyyarə yaradıldı

İKT

29.04.2025 11:50

20

Dünyada səsdən sürətli mülki təyyarə üçün intellektual texnologiyaların ilk sınaqları keçirilib.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Rusiyada aviasiya sahəsində dünya miqyasında bir ilkə imza atılıb.

N.E. Jukovski adına Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri ilk dəfə olaraq "bağlı kabinədə", yəni şüşəsiz kabinədə idarəetmə konsepsiyasını reallaşdıran intellektual texnologiyaların uçuş nümayişini uğurla həyata keçiriblər.

Sınaq uçuşları "Yak-40" uçan laboratoriyası üzərində qurulmuş nümayiş təyyarəsi vasitəsilə həyata keçirilib. Təyyarənin idarə edilməsi pilotlar tərəfindən şüşəsiz kabinədən, müxtəlif spektral diapazonlarda çalışan kameralar əsasında qurulmuş xarici görmə sistemləri vasitəsilə yerinə yetirilib.

Bu texnologiyanın gələcəkdə perspektivli səsdən sürətli mülki təyyarələrin yaradılmasında istifadə olunacağı gözlənilir.

Uçuş nümayiş təyyarəsi innovativ naviqasiya və müşahidə sistemləri ilə təchiz olunub.

Xüsusilə vurğulanır ki, təyyarəyə quraşdırılmış beş görünən və iki infraqırmızı diapazonlu kamera sayəsində kabinədə vizual məlumat axını formalaşdırılıb və bu, uçuşun təhlükəsiz və effektiv idarəsini təmin edib.

Eksperimental mərhələ yerüstü hərəkət, uçuş zolağında sürətlənmə, qalxma, marşrut üzrə uçuş, eniş və uçuş zolağında hərəkətlə tam eniş proseslərini əhatə edib.

Sınaq zamanı kabinənin şüşəsiz şəraitində kameralar vasitəsilə tam funksional idarəetmənin mümkünlüyü təsdiqlənib.

Töhfə Səməd

tag: Səsdən sürətli təyyarə,Rusiya,Sınaq,todaypress.az,