Sədr: “Azerpace-1” kosmik sənayenin davamlı inkişafına təkan verib”
“Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"in orbitə buraxılmasından 12 il ötür. Bunda əsas məqsəd telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək olub”.
TodayPress xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bunu Ümumdünya Mühəndislik Günü münasibətilə keçirilən tədbirdə deyib.
O diqqətə çatdırıb ki, “Azerpace-1” peyki ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahələrinin, xüsusilə kosmik sənayenin davamlı inkişafına təkan verib.
“Azerspace-1" kimi ölkə əhəmiyyətli layihənin həyata keçirilməsi ilə həmin vaxtda gənclərimizə müsbət mənada özlərini tapmaq fürsəti verilib. Bu gün artıq 12 il və daha artıq müddətdir ki, Azərbaycan kosmik sahəsində həmin mütəxəssislərin töhfələri sayəsində kosmik ölkəyə çevrilib. Ölkəmizdə hər zaman iqtisadiyyat, neft-qaz, tibb sahələri üzrə peşəkar kadrlar anlayışı olub. Ancaq "Azerspace-1" peykinin orbitə buraxılması ilə kosmos sahəsi üzrə peyk mühəndisi, peyk əməlliyyatları üzrə operator, hüquqşünas, iqtisadçı, peyk tutumlarının satılması üzrə mütəxəssis kimi peşələr ərsəyə gəldi. Həm də "Azerspace-1" peykinin orbitə buraxılması ilə beynəlxalq kosmik arenada Azərbaycan artıq peyki olan ölkə kimi tanınıb və qlobal inteqrasiyanın genişləndirilməsi istiqamətində işlər daha da gücləndirilib” deyə o əlavə edib.
Töhfə Səməd
tag: Azerspace-1,Orbit,Kosmos,Peyk,Todaypress.az,