Osman Gündüz: “Banklar məsuliyyəti vətəndaşın üzərinə atmamalıdır”
"Son günlər bank kartlarından kütləvi oğurluq və adından kredit götürülməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Araşdırmalar zamanı məlum olub ki, banklar vətəndaşların şəxsiyyətini qeyri-rəsmi üsullarla – video zəng və ya daxili sistemlər vasitəsilə identifikasiya edərək kredit ayırırlar. Lakin bu sistemlər qanunvericilikdə nəzərdə tutulan lisenziyalı mexanizmlərə uyğun deyil".
TodayPress xəbər verir ki, bunu rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bildirib.
Onun sözlərinə görə, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya aparır:
"Əksəriyyət banklar isə adi qaydada, ən yaxşı halda video zənglə vətəndaşı identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar. Hətta elə nəhəng banklar var ki, güman ki xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər".
Ekspert qeyd edib ki, Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib.
Onun fikrincə, qanunvericilikdə dəyişiklik edilməli və yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir. Əks halda bu hallar daha da genişlənəcək.
Osman Gündüz əlavə edib ki, onlayn kredit sisteminin rəqəmsal transformasiya baxımından əhəmiyyəti böyükdür və bu xidmətlərin tamamilə məhdudlaşdırılması düzgün olmazdı.
Lakin banklar tətbiqlərində vətəndaşlara əlavə təhlükəsizlik seçimləri təqdim etməlidirlər.
Məsələn, vətəndaşa ümumiyyətlə kredit əməliyyatlarına "STOP" qoymaq funksiyası verilməlidir. Rəqəmsal savadlılığı zəif olan vətəndaşlar üçün belə seçimlər həyati vacibdir.
Vətəndaşın adına kredit götürülməsi, kart məlumatlarının oğurlanması və sair hallarda banklar məsuliyyəti yalnız vətəndaşın üzərinə atmamalıdır.
O hesab edir ki, bu sahədə bankların məsuliyyəti artırılmayacaqsa, oğurlanan vəsaitlərin taleyi sual altında qalacaq.
Türkan İsgəndərli
tag: Osman Gündüz,Ekspert,Bank,Kibercinayətkarlıq,Todaypress.az,