İT mütəxəssisi: “Bəzi portallar təhlükəsizliyə yaxşı sərmayə qoymurlar”
“Portallarının kiberhücumlara qarşı zəif olub-olmaması məsələsi, çox zaman sistemin təhlükəsizlik tədbirlərinin gücündən asılıdır”.
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bunu TodayPress-ə açıqlamasında deyib.
O bildirib ki, bir çox sayt və portalların kiberhücumlara qarşı “Firewall”lar, DDoS qabaqlayıcı sistemləri, antivirus proqramları və şifrələmə metodları mövcuddur. Lakin bəzi portal və ya təşkilatlar təhlükəsizliyə kifayət qədər sərmayə qoymurlar və ya təhlükəsizlik boşluqlarını simulyasiya edən pentestləri vaxtında keçirmirlər.
“Texnologiya çox yüksək sürətlə inkişaf edir və mənfi məqsədlərə xidmət edən qruplar hər zaman hansısa boşluqdan istifadə edərək hücum etmək istəyəcək. Təklif edərdim ki, ciddi əhəmiyyətə malik saytlar ildə ən azı 2 dəfə pentestdən keçirilsin və bu, bir tələb kimi rəsmiləşdirilsin”.
İT mütəxəssisi diqqətə çatdırıb ki, sistemlərdə təhlükəsizlik mütəxəssisləri tərəfindən daim yenilənməyən proqramlar və zəif şifrələmə sistemləri, boşluqlar varsa, bu, hücumçuların işini asanlaşdıra bilər.
“Eyni anda bir necə sayt eyni üsulla sıradan çıxarılırsa, bu saytların eyni proqram kodlarından istifadə edilib-edilmədiniyə nəzər salmaq lazımdır. Dünyada gedən inkişafa uyğun olaraq daim yenilənməyə ehtiyac var. Bu, eyni zamanda kibertəhlekəsizlik standartlarının tətbiq edilməsi ilə bağlı məsələlərin nə qədər ciddi olduğunu göstərir” deyə o bildirib.
Qeyd edək ki, bu gün “Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilib. Bu kiberhücumlarla əlaqədar "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.
Töhfə Səməd
tag: Bəhruz Əliyev,İT,Mütəxəssis,Sayt,Hücum,Haker,Todaypress.az,
